Tural İrfan: “Şəki, Zaqatala və bir neçə yerdə mədrəsə tipli kolleclər var, ancaq Bakıda…”
“Mədrəsə təhsili ilə bağlı araşdırmalar göstərir ki, radikallığın əsas səbəbi mədrəsə təhsili olmasa da, bu sahədə müəyyən əskikliklər mövcuddur”. Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” keçirilən beynəlxalq simpoziumda deyib.
O qeyd edib ki, İslam dünyasında mədrəsə tələbələrinin məzhəbi bilikləri aşağı səviyyədədir: “Dini təhsil proqramları dövrün tələblərini nəzərə almalı, yer, məkan və zaman fərqliliklərini hesaba qatmalıdır”.
A.Şirinovun dediyindən belə aydın olur ki, mədrəsələr başqa dinlər və müasir elmlər barədə kifayət qədər bilgi vermir.
Ümumiyyətlə, ölkədə mədrəsə varmı? Varsa, bu sahədə vəziyyət necədir? Maraqlıdır, mədrəsələrlə bağlı islahat lazımdır?
“Mədrəsələr əvvəl olub, onların bir çoxu qeydiyyatsız, qeyri-rəsmi fəaliyyət göstərdiyi üçün zamanla bağlanıb”
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda Azərbaycanda dini təhsili İlahiyyat İnstitutu verir: “Bu institutla yanaşı, İlahiyyat Kolleci də fəaliyyət göstərir. Məlumat üçün deyim ki, mədrəsələr əvvəl olub, onların bir çoxu qeydiyyatsız, qeyri-rəsmi fəaliyyət göstərib. Həmin mədrəsələr qanun çərçivəsində fəaliyyət göstərmədiyi üçün zamanla onların faəliyyəti dayandırılıb. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan kollec isə mədrəsə sayılmır. Şəki, Zaqatala və bir neçə yerdə mədrəsə tipli kolleclər var. Ancaq Bakıda mədrəsə funksiyasını həyata keçirən yeganə təhsil ocağı Bakı İlahiyyat Kollecidir. Ora da qanunvericiliyin tələbinə uyğun olaraq tələbə qəbulu həyata keçirilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, keçən əsrin 90-cı illərindən sonra Bakı İslam Universitetinin açıldığı müddətdə mədrəsələr də fəaliyyətə başlayıb: “Bu istiqamətdə fəaliyyət göstərən mədrəsələrin də heç biri milli olmayıb”.
Günel CƏLİLOVA