AZ

Orban: Rusiya–ABŞ sammiti gündəmdən çıxarılmayıb

Budapeştdə Rusiya ilə ABŞ arasında ikitərəfli sammitin keçirilməsi gündəmdə qalır. Avropa dövlətləri bu görüşün baş tutacağına əmindir.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib.

Kossuth Radiosuna açıqlamasında Orban bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında planlaşdırılan sammit hələlik təxirə salınıb, lakin tamamilə ləğv edilməyib:

“Bir həftə ərzində olmayacaq, tarix hələ müəyyənləşdirilməyib, amma bu görüşün baş tutacağına heç bir şübhə yoxdur”.

Macarıstan hökumət başçısının sözlərinə görə, Avropa ölkələri Ukraynada münaqişənin həlli üçün belə bir sammitin vacibliyini anlayır və “ruslarla amerikalıların razılığa gələcəyinə” ümid edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşün təxirə salındığını açıqlamışdı. Tramp sammitin “hazırda gözlənilən nəticəni verməyəcəyini” bildirib. Bununla belə, Ağ Ev rəhbəri gələcəkdə Putinlə görüşün mümkünlüyünü istisna etməyib.

O, həmçinin Ukraynadakı vəziyyətə toxunaraq, münaqişənin həlli prosesinin “kifayət qədər müsbət istiqamətdə” getdiyini qeyd edib və Rusiyadan hazırkı mövqelərini qorumağı, eləcə də cəbhə xəttində atəşkəs rejiminə əməl etməyi tələb edib.

// Gülnarə Abasova, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr