BAKI, 24 oktyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov müharibə və fövqəladə hallar zamanı ölkədə vəziyyəti tənzimləyən qanunvericiliyə dəyişiklik edən Konstitusiya qanununu imzalayıb.
Teleqraf xəbər verir ki, qanun “Hərbi və fövqəladə hallar zamanı parlament nəzarəti haqqında” adlandır.
Sənəddə göstərilir ki, hərbi vəziyyət dövründə vətəndaşların hüquq və azadlıqlarına riayət olunmasına parlament nəzarəti məhdudlaşdırılmır.
Bundan əlavə, qeyd olunur ki, fövqəladə vəziyyət dövründə insan hüquqlarına parlament nəzarətini həyata keçirən ombudsmanın fəaliyyəti dayandırılmır.
Qanun həmçinin bildirir ki, fövqəladə vəziyyət elan edildikdə hakimiyyət orqanları Joqorku Keneş (parlament) üzvləri, diplomatik nümayəndəliklər və ombudsmanın daşınması istisna olmaqla, nəqliyyat vasitələrinin, o cümlədən xarici avtomobillərin hərəkətini məhdudlaşdıra bilər.
Qanun on gündən sonra qüvvəyə minir.