AZ

Ukrayna dronu Moskva vilayətindəki binaya çırpıldı

Ukrayna dronlarının hücumu zamanı onlardan biri Moskva vilayətinin Krasnoqorsk şəhərindəki yaşayış binasına çırpılıb.

NOCOMMENT.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz telegram kanalında yazıb.

“Biri uşaq olmaqla, 5 nəfər yaralanıb. Dörd nəfər dərhal xəstəxanalara çatdırılıb, onlara lazımi tibbi yardım göstərilir”, – qubernator vurğulayıb.

O, əlavə edib ki, böyüklərdən üçü kəllə-beyin travması, sınıqlar və qəlpə yaraları alıb, uşağın isə dizi çıxıb və baldır nahiyəsindən yüngül xəsarət alıb.

Shot telegram kanalına görə, dron səhər 4:15 radələrində “Zümrüd təpələri” yaşayış kompleksindəki bina ilə 14-cü mərtəbə səviyyəsində toqquşub və partlayıb. Partlayış dalğası divarın bir hissəsini qoparıb, dağıntıları bütün həyətə səpələyib. Üç mənzilə ziyan dəyib. Həyətdəki bir neçə avtomobil qəlpələrə tuş gəlib. 70-dən çox insan binadan təxliyə olunub. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Binaya gedən bütün yollar bağlanıb.

Qubernator zərərçəkənlərə və onların ailələrinə hər cür dəstəyin göstəriləcəyini vəd edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 111 təyyarə tipli pilotsuz uçuş aparatını “ələ keçirib və məhv edib”. Dronların çoxu – 35-i Rostov vilayəti üzərində vurulub. Daha 25 dron Bryansk vilayəti, 11-i isə Kaluqa vilayəti üzərində ələ keçirilib. Bir pilotsuz təyyarə Moskva vilayəti üzərində “vurulub”.

Xatirə SADİQ

Seçilən
22
nocomment.az

1Mənbələr