AZ

"Qazaxıstan uranın Azərbaycan üzərindən ixracını həyata keçirəcək"

Milli Məclisin bugünkü iclasında deputat Rizvan Nəbiyev Azərbaycan–Qazaxıstan münasibətlərinin strateji xarakter daşıdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bu yana dünyanın 25 ölkəsi ilə strateji tərəfdaşlıq sənədi imzalayıb:

“Mərkəzi Asiya dövlətləri içərisində Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında beynəlxalq müqavilə imzalayıb. Bunlardan biri də qardaş Qazaxıstan Respublikasıdır. Prezident İlham Əliyevin Qazaxıstana səfəri bu müqavilənin 20 illiyinin qeyd edilməsi baxımından strateji və simvolik əhəmiyyət daşıyır”.

Rizvan Nəbiyev həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan lideri barədə dediyi fikirləri xüsusi vurğulayıb:

“Tokayev İlham Heydər oğlu Əliyevi tarixi miqyasda görkəmli dövlət xadimi kimi dəyərləndirib. Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu dəfələrlə güclənib, Cənubi Qafqazda regional güc kimi mühüm rol oynayır”.

Deputat Tokayevin səfər zamanı səsləndirdiyi iqtisadi məqamları da diqqətə çatdırıb:

“Qazaxıstan bu gün dünyada istehsal olunan uranın 40 faizini verir, ABŞ isə tələbatının 25 faizini ondan alır. Tokayevin səsləndirdiyi kimi, bundan sonra uranın Azərbaycan üzərindən ixracı həyata keçiriləcək. Bu da Orta Dəhlizin strateji əhəmiyyətini bir daha göstərir.”

Nəbiyev əlavə edib ki, Azərbaycan Prezidentinin fəaliyyəti təkcə ölkənin rifahına deyil, həm də beynəlxalq sabitliyin təmininə yönəlib.

Seçilən
37
1
operativmm.az

2Mənbələr