“Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford, bu mövsüm icarə əsasında çıxış etdiyi “Barselona”da karyerasını davam etdirmək arzusunu dilə gətirib.
90deqiqe.Az xəbər verir ki, “ESPN ” 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“İnsanlar unudur ki, həyatımın 23 ili ‘Mançester Yunayted’də keçib. Bəzən dəyişiklik sadəcə zəruridir. Bu, ‘Barselona’ ilə ilk təmasım deyil. Keçmişdə də bu barədə danışıqlar olmuşdu, amma müxtəlif səbəblərdən baş tutmamışdı.
İndi isə bu fürsət yarandı. Mən bu klubu sevirəm. Futbolu sevən hər kəs üçün ‘Barselona’ tarixdə ən vacib klublardan biridir. Təbii ki, burada qalmaq istəyirəm”,
İngiltərə millisinin üzvü “qırmızı şeytanlar”ın yetirməsidir. O, indiyədək “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 426 oyuna çıxaraq 138 qol vurub və 78 məhsuldar ötürmə edib.