Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
25 oktyabr hərb tariximizin çox əlamətdar günlərindən biri oldu. Ali Baş Komandanın rəhbərliyi altında Qubadlının işğaldan azad olunması ilə ordumuz döyüş mövqeyini daha da gücləndirdi. Çünki bu şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərməklə oktyabrın 25-də şəhəri düşməndən təmizlədi. Cənab Prezidentin sərəncamı ilə 25 oktyabr Qubadlının şəhər günü elan edildi.
Digər şəhərlərimiz kimi Qubadlının da işğalından sonra ermənilərin burada vandalizmə yol açmasının biz şahidi oluruq. Statistikaya baxanda görmək olur ki, onların məqsədi yalnız işğal olmayıb, həmçinin bütün vəhşilikləri törətməklə buranı cəhənnəmə çevirmək olub. Vaxtilə işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılıb və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.
44 günlük Vətən müharibəsi göstərdi ki, biz heç nəyi unutmuruq. Torpaqlarımızı işğaldan azad etməyi bacardıq. Cənab Prezident demişkən, "Qubadlıya öz sahibləri qayıtdı". Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Beləliklə, biz tez bir zamanda güclü ordumuzla işğala son qoyduq.
Vüqar İskəndərov
Müəllif: Vüqar İskəndərov, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.