AZ

Trampın Rusiyaya qarşı üç sanksiya seçimi olub – WSJ

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı üç sanksiya variantından sərtliyinə görə orta variantı seçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) rəsmi şəxslərə istinadən yazır.

ABŞ prezidentinin üstünlük verdiyi sanksiyalar paketi Rusiyanın enerji sektoruna yönəlib. Ən “sərt” variantda Rusiya sənayesi və yüksək rütbəli rəhbərlər üçün məhdudiyyətlərin tətbiqi nəzərdə tutulurmuş. Ən yumşaq paketə yalnız “məhdud sanksiyalar” daxil imiş.

Nəşrin məlumatına görə, Trampın qərarını dövlət katibi Marko Rubio və Pentaqon katibi Pit Heqset dəstəkləyib. ABŞ Maliyyə Nazirliyi isə “Rosneft”, “Lukoil” və onların bir sıra törəmə şirkətlərini yeni sanksiyalar siyahısına daxil edib.

Ağ Evin yüksək rütbəli nümayəndəsi “The Wall Street Journal”a bildirib ki, Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymağın vaxtının yetişdiyini açıq şəkildə bildirib. O, qeyd edib ki, ABŞ prezidenti böhranın sülh yolu ilə həlli üçün yollar axtarmağı davam etdirəcək.

Rusiya prezidenti Vladimir Putin dünən brifinqdə bildirib ki, yeni məhdudiyyətlər ölkəsi üçün “müəyyən nəticələrə” səbəb olacaq, lakin iqtisadi rifahına ciddi təsir göstərməyəcək.

Tramp buna cavab olaraq deyib ki, ölkəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların təsiri altı aydan sonra bəlli olacaq.

“Şadam ki, o [Putin] belə düşünür. Altı aydan sonra görəcəyik”, – Ağ Ev rəhbəri deyib.

Xatirə SADİQ

Seçilən
17
nocomment.az

1Mənbələr