Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 24 oktyabr, AZƏRTAC
Serbiyanın Belqrad şəhərində keçirilən Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Serbiyanın İnkişaf Agentliyi (RAS) əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənəd 2022-ci ildə KOBİA və Serbiyanın İnkişaf Agentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası istiqamətində fəaliyyətin təşkilini nəzərdə tutur.
2026-2027-ci illəri əhatə edən yol xəritəsində Azərbaycan və Serbiya KOB-ları arasında əlaqələrin qurulmasına dəstək, KOB-larla bağlı tədbirlər, onlar üçün ən yaxşı dəstək mexanizmləri və biznes imkanları haqqında məlumat və təcrübə mübadiləsi, KOB-larla əlaqəli təşkilatlar arasında əməkdaşlığın qurulması, mövcud məlumatların qarşılıqlı şəkildə paylaşılması, tərəflərin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştiraka dəstək və digər məsələlər öz əksini tapıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Hökumətlərarası Komissiyanın iclasında və Azərbaycan–Serbiya biznes forumundakı çıxışlarında KOB-ların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb. O, KOB evi ilə bağlı təcrübənin paylaşılması və agentliyin təşəbbüsü ilə irəli sürülmüş Bakı İqlim Bəyyanaməsinə qoşulma kimi istiqamətlərin əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
KOBİA sədri agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə də geniş məlumat verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.