Ajans.az-ın əldə etdiyi məlumata görə, Goranboy rayonunun Qaradağlı kəndində göy-göyərtinin qiymətinin kəskin ucuzlaşması yerli sakinlərin narazılığına səbəb olub. Kənd sakinləri bildirirlər ki, hazırda kəndlidən alınan göyün bir dəstəsi cəmi 6 qəpiyə satılır ki, bu da çəkilən xərcin maya dəyərini belə ödəmir. Sakinlərin sözlərinə görə, göy-göyərti əkininə sərf olunan xərclər, suvarma, torpaq becərilməsi, gübrə və işçi qüvvəsi nəzərə alınarsa, bu qiymət kənd təsərrüfatı ilə məşğul olanların ziyanına olur. “Biz bu məhsulu min bir əziyyətlə becəririk. Ən azı bir dəstəsini 10 qəpiyə satmaq istəyirik ki, heç olmasa çəkdiyimiz zəhmət boşa getməsin,” – deyə kənd sakinlərindən biri bildirib. Sakinlər həmçinin qeyd edirlər ki, onların 6 qəpiyə satdığı göy-göyərti paytaxt Bakıda və digər şəhərlərdə bir neçə hissəyə bölünərək dəfələrlə baha qiymətə satılır. Qeyd edək ki, Qaradağlı kəndinin əhalisinin bir hissəsi göy-göyərti əkib-becərməklə məşğuldur və onların əsas dolanışıq mənbəyi məhz bu sahədən əldə edilən gəlirdir.