Sea Breeze

2020-ci ilin 25 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Həmin gün illərlə düşmən tapdağı altında qalan, dağıdılan, lakin heç vaxt unudulmayan Qubadlı şəhəri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu, təkcə bir şəhərin azadlığı deyil, həm də ədalətin bərpası, xalqımızın qürurunun, əzminin və yenilməz iradəsinin təntənəsi idi.

İşğal illərində Qubadlı şəhəri və rayonun kəndləri dağıdılmış, evlər, məktəblər, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdi. Erməni işğalı altında olan digər torpaqlarda olduğu kimi, burada da rəsmi İrəvan qanunsuz məskunlaşma siyasəti həyata keçirirdi. Bunun nəticəsi idi ki, xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.
Lakin xalqımız bu torpaqlara qayıdacağı günə inanır, hər bir azərbaycanlının qəlbində Qubadlıya qayıdış ümidini yaşadırdı. Bu ümid 25 oktyabr 2020-ci ildə gerçəkliyə çevrildi. Belə ki, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və fədakarlığı sayəsində, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Beləliklə, Azərbaycan əsgəri üçrəngli bayrağımızı işğaldan azad olunan növbəti şəhərimizdə sancmaqla şəhidlərimizin qanı ilə müqəddəsləşmiş Vətən torpağı azadlığı uğrunda getdiyi yolda növbəti uğurlu addımını atmış oldu.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıya dəfələrlə səfər edərək burada aparılan bərpa və yenidənqurma işlərinə şəxsən rəhbərlik etdilər. Bu gün Qubadlıda ağıllı şəhər konsepsiyası əsasında müasir infrastruktur qurulur, yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları inşa olunur.

Bu gün Qubadlıya qayıdan hər bir sakin təkcə doğma yurduna deyil, həm də dirçələn, güclənən Yeni Azərbaycan reallığına qovuşur. Qubadlı müasir texnologiyalarla, milli ruhla və Vətən sevgisi ilə yenidən doğulur.

Qubadlı artıq sadəcə bir şəhər deyil qəhrəmanlıq, qayıdış və dirçəlişin rəmzidir. Onun azad edildiyi gün isə Azərbaycan xalqının Zəfər salnaməsində əbədi yaşayacaq.

Millət vəkili
Azər Allahverənov

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX