AZ

Eyyub Hüseynov: “Xankəndidə keçirilən QHT Forumu vətəndaş cəmiyyəti üçün tarixi hadisədir”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında Xankəndidə keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu barədə təəssüratlarını bölüşüb.

QHT sədri bildirib ki, forum texniki baxımdan və təşkilati səviyyədə çox yüksək səviyyədə hazırlanıb:

“Azərbaycanda fəaliyyət göstərən QHT ailəsinin böyük bir hissəsini Xankəndidə bir araya gətirən bu forum texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunmuşdu. Forumun bütün gedişi və məzmunu QHT-lərin əməkdaşlığına həsr edilmişdi. Ayrı-ayrı panellər ən müasir və aktual məsələlərə fokuslanmışdı, müzakirələrdə ölkənin görkəmli şəxsiyyətləri çıxış edirdi.”

Eyyub Hüseynov xüsusi olaraq türkologiyaya həsr olunmuş panel müzakirəsini xatırladaraq qeyd edib:

“Məni xüsusilə Qəzənfər Paşayevin çıxışı çox təsirləndirdi. Onun türkologiya barədə dərin elmi bilgilərlə zəngin çıxışı həm maraqlı, həm də öyrədici idi. Biz çoxlu yeni məlumatlar əldə etdik. Forumda süni intellekt mövzusuna həsr edilmiş panel də müasir dövrün tələblərinə cavab verir. Süni intellekt barədə müzakirə günün aktual tələblərinə cavab verən, innovativ və informativ bir panel idi. Ümumiyyətlə, bütün tədbir boyu hər addım ölçülüb-biçilmiş şəkildə həyata keçirilmişdi.”

AİB sədri forumun həm məzmun, həm də mənəvi baxımdan əhəmiyyətinə toxunub:

“Forumun açılışında səsləndirilən çıxışlar tədbirin mahiyyətini və onun Azərbaycan cəmiyyətinə nə verəcəyini aydın şəkildə ifadə edirdi. Bu əməkdaşlıq təkcə müzakirələrlə məhdudlaşmadı, həm də QHT-lər arasında tanışlıq, əlaqə və birgə fəaliyyət üçün yeni imkanlar yaratdı.”

Sonda Eyyub Hüseynov forumun Xankəndidə keçirilməsinin rəmzi və mənəvi dəyərinə diqqət çəkib:

“Tədbirin Azərbaycanın gözəl guşəsi olan Xankəndidə təşkil edilməsi foruma əlavə dəyər qatdı. Forum iştirakçıları həm Xankəndi, həm də Şuşa ilə tanış oldular. Bu səfər və tədbir qeyri-hökumət təşkilatları nümayəndələrinin yaddaşında tarixi bir hadisə kimi qalacaq.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
36
qht.az

1Mənbələr