AZ

İlham Əliyevin tarixi qərarı: Ermənistan ondan imtina edərsə...

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınacağı barədə xəbər revanşist erməni müxalifətinin etirazına səbəb olub. 

Prezident İlham Əliyevin Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı açıqlamasını minnətdarlıqla qarşılayan Nikol Paşinyan hakimiyyətindən fərqli olaraq, radikal müxalifət bu xəbəri təhlükə kimi qiymətləndirib. 

Müxalifət hesab edir ki, Qazaxıstan taxılının qeyd edilən marşrutla daşınması Azərbaycan Ermənistanı Azərbaycandan asılı vəziyyətə sala bilər. Eks-prezident Serj Sarkisyan Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana çatdırılmasınılogistik baxımdan əlverişsiz adlandırıb. 

Sarkisyan bildirib ki, daşıma xərcləri baxımından bu marşrut ən qısa və sərfəli yol deyil:

”Əgər bu, məsələn, qiymətlərin aşağı düşməsinə səbəb olarsa, o zaman mən buna sevinərəm. Amma bunun təhlükəsizlik məsələləri ilə heç bir əlaqəsi yoxdur”, -deyə Sarkisyan bəyan edib.

Serj Sarksiyanın sədri olduğu Ermənistan Respublika Partiyasının sədr müavini EduardŞarmazanov isə bu məsələyə şovinist münasibət göstərərək deyib: 

“Bu gün Qazaxıstan buğdası Azərbaycan vasitəsilə Ermənistana gəlir. Sabah Azərbaycan nefti və qazı Ermənistana gələcək. Ertəsi gün azərbaycanlılar Ermənistana gələcək və bir neçə ildən sonra biz yazacağıq ki, ölkəmizdə fərqli vəziyyət yaranıb. Azərbaycandan gələn yeməkləri yeməyi sevirsiz? Onları erməni millətinin dostu elan edin, hər şey yoluna düşsün. Qarşıdan parlament seçkiləri gəlir və “türk” adlandırılmasından inciməyən Paşinyana  zərər verilməyəcək”. 

Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun deputatı GeğamManukyan isə parlamentdə çıxışı zamanı Qazaxıstan taxılının daşınması ilə bağlı razılaşmanı tənqid edib. O, Ermənistanın iqtisadiyyat naziri GevorqPapoyanı Azərbaycan Prezidentinin dediklərini təkrarlamaqda ittiham edib. 

Göründüyü kimi, revanşist müxalifət kommunikasiyaların açılmasını qəbul etmir və Ermənistanın blokadada qalmasının tərəfdarıdır. Dolayısı ilə radikallar 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində qələbə qazanarlarsa,  Ermənistanı yenidən blokada vəziyyətinə qaytaracaqlarını vəd edirlər. 

İki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin kəsilməsinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü səbəb olub. Artıq Azərbaycan öz ərazilərini işğaldan tamamilə azad etdiyinə görə işğal dövrünə aid status-kvo ləğv edilib. Keçmiş vəziyyəti bərpa etmək cəhdləri isə Ermənistanı əzici və dağıdıcı müharibəyə gətirib çıxara bilər. Ona görə də Ermənistanı yenidən təcridə sürükləmək səyləri Azərbaycana hər hansı ziyan gətirməyəcək. 

Çünki Azərbaycan həm Gürcüstan, həm də İran üzərindən daşımaları həyata keçirmək imkanına malikdir. Revanşistlərin Ermənistanı blokadada saxlamaq niyyəti Türkiyə ilə sərhədlərin bağlı qalması, ABŞ ilə “Tramp marşrutu”nunimzalanmasına dair sazişdən imtina edilməsi deməkdir. Nəticədə, Ermənistanda iqtisadi vəziyyət daha da ağırlaşacaq. Perspektivdə Ermənistanı iqtisadi problemlərdən xilas edə biləcək  əsas vasitələrdən biri tranzit daşımalarından əldə ediləcək gəlirlər hesab olunur. 

Rusiya-Ukrayna sərhədində ağır müharibə getdiyindən, Qazaxıstanın Avropa bazarlarına dəmir yolu ilə çıxışı məhdudlaşıb. Ona görə də Qazaxıstan yalnız Ermənistana deyil, həmçinin, Ermənistan üzərindən Türkiyə və Avropa bazarlarına daşımaların həyata keçirilməsində maraqlıdır. Bu isə Ermənistanın idxal imkanlarını asanlaşdırmaqla yanaşı, tranzit gəlirləri də əldə etməsinə səbəb ola bilər. 

Qazaxıstan Prezidenti KasımJomardTokayevin 2024-cü ilin aprel ayında Ermənistana səfəri Nikol Paşinyanı Zəngəzur dəhlizinin açılmasına razı salmaq məqsədi daşıyırdı. Lakin o vaxt “Sülh kəsişməsi” layihəsinə üstünlük verən Paşinyan buna razılaşmadı. İndi rəsmi İrəvan kommunikasiyaların açılmasınarazılaşdıqdan dərhal sonra Qazaxıstanın Azərbaycan üzərindən yükləri göndərməyə başlaması bununla bağlıdır. 

Qazaxıstan və Azərbaycan gələcəkdə Ermənistan ərazisindən Türkiyədən keçməklə Avropa bazarlarına neft, təbii qaz, elektrik enerjisi ixrac edə bilər.  Ermənistan müxalifəti isə hakimiyyətə gələrək blokadanı bərpa etməyə çalışarsa, nəinki Qazaxıstan, hətta perspektivdə Rusiya taxılının da Azərbaycan üzərindən göndərilməsi imkanlarından məhrum olacaq. 

“Tramp marşrutu”na dair razılaşmanın ləğvi isə ABŞ-nin Ermənistana ciddi siyasi və iqtisadi təzyiqləri ilə nəticələnə bilər.  Təbii ki, revanşist müxalifət özünütəcrid siyasətinin Ermənistan üçün ciddi problemlər yaradacağını yaxşı bilir. 

Sadəcə olaraq, radikallar kommunikasiyaların açılmasının seçkilərdə Nikol Paşinyana siyasi divident gətirəcəyindən narahatdırlar. Ona görə də Ermənistanı növbəti böhrana sürükləməklə Paşinyanı bu imkandan məhrum etməyə çalışırlar. 

Seçilən
35
cebheinfo.az

1Mənbələr