AZ

İrəvana gedən azərbaycanlı politoloq: Məndən əsasən bunu soruşurlar

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli formatda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan tərəfini vətəndaş cəmiyyətinin nümayəndələri – Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Globalinfo.az xəbər verir ki, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov “UDudaka” Teleqram kanalına deyib.

Politoloq qeyd edib ki, bu, doğrudan da böyük məsuliyyət idi:

“Əslində, bu illər ərzində müxtəlif dövrlərdə İrəvanı ziyarət etmiş azərbaycanlılar olub. Amma indi ilk dəfə olaraq bizim təyyarəmiz ora uçdu. Bu, doğrudan da tarixi an idi. Məsələn, həmkarımız Murad Muradov bir ay əvvəl Ermənistanın NATO Assambleyasının tədbirində iştirak etmişdi. Amma şəxsən mənim üçün bu, ilk belə təcrübə idi və əlbəttə, hisslər çox qarışıq idi – həm həyəcan, həm məsuliyyət.

Pasport nəzarətindən keçmək çox az vaxt apardı. Təşkilatçılar hər şeyi maksimum operativ şəkildə həll etdilər. Pasportumda giriş möhürü var. Çünki mən rəsmi şəkildə Ermənistan ərazisinə daxil olmuşam və bu, sənəddə qeyd olunmalıdır. Sual vermişdilər ki, bu möhür Ağrı dağı olmayan variantdadır? Xeyr, hələlik “dağlı” variantdır, çünki qərar qəbul edilib, amma onun tam tətbiqi bir qədər vaxt aparır”.

F.Məmmədov vurğulayıb ki, təyyarə hava limanına enəndə oradakı bəzi əməkdaşlar, “Azərbaycan” yazısını görüb təəccübləndilər:

“Amma ümumilikdə hər şey çox peşəkar şəkildə həyata keçirildi. Pasportları götürdülər, bir-iki dəqiqəyə qaytardılar, biz avtobusa mindik və hava limanından çıxdıq. Təbii ki, baxışlar, münasibətlər hiss olunurdu, amma fikrimcə, çox az insan bilirdi ki, azərbaycanlıyıq. Biz şəhərdə gəzəndə də özümüzü xüsusi fərqləndirmirdik, adi insanlar kimi şəhərin mühitinə qarışmışdıq”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
globalinfo.az

1Mənbələr