AZ

Azərbaycanda yaxşı əti haradan almaq olar? - RƏSMİ CAVAB

Son günlərdə heyvanlar arasında yayılan dabaq xəstəliyinə görə ölkə üzrə profilaktik və sağlamlaşdırma tədbirləri gücləndirilib.

Bu məqsədlə oktyabrın 25-dən etibarən heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bu qərar insanların sağlamlığı baxımından vacib addım sayılsa da, vətəndaşlar və restoran sahibləri narahatdırlar. Artıq insanlar fəaliyyətini davam etdirən ət satışı mağazalarında ətin keyfiyyətinə şübhə ilə yanaşırlar.

Bəs belə şəraitdə sağlam və etibarlı ət məhsulunu haradan əldə etmək mümkündür?

Qida Təhlükəsizliyi Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır:

“Hazırda ölkə üzrə 120-dən çox müasir standartlara cavab verən və baytar mütəxəssislərin daimi nəzarəti altında olan heyvan kəsimi məntəqələri fəaliyyət göstərir. Mövcud infrastruktur ölkənin ət və ət məhsullarına olan tələbatını tam qarşılayır. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır.

Kəsimdən sonra cəmdəklərə baytarlıq-sanitariya ekspertizası aparılır və soyudularaq saxlanılır. Daha sonra ətin üzərinə rəsmi baytarlıq möhürü vurulur və müşayiətedici sənədlərlə ticarət şəbəkələrinə göndərilir.

AQTA vətəndaşlara yalnız kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrindən ət məhsulları almağı tövsiyə edir”.

Seçilən
10
cebheinfo.az

1Mənbələr