Bakı, 24 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatları (TDT) arasında süni intellekt və rəqəmsal sahədə əməkdaşlığın dərinləşdirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclasında deyib.
"Ölkələrimiz arasında ortaq infrastrukturun yaradılması, kibertəhlükəsizliyin gücləndirilməsi və süni intellekt tətbiqlərində etik çərçivələrin müəyyənləşdirilməsi prioritet olmalıdır. Bu sahələrdə tədqiqat mərkəzlərimiz arasında qurulacaq ortaq platformalar informasiya paylaşımını asanlaşdıracaq. Ortaq süni intellekt təhsil proqramları və rəqəmsal bacarıq seminarları vasitəsilə gənclərimizin bu sahədə fəal iştirakını təşviq edə bilərik. Aşağı karbonlu istehsal texnologiyaları, enerji səmərəliliyi sahəsində əməkdaşlığımızı genişləndirərək sənayemizin qlobal rəqabət qabiliyyətini qorumaq çox önəmlidir. Bu istiqamətdə sənaye zonalarımızda yaşıl enerji istifadəsi, tullantıların idarə olunması üzrə ortaq layihələr həyata keçirmək böyük əhəmiyyət kəsb edir", - deyə nazir qeyd edib.
 
                        