1-ci Liqanın 6-cı turunda "Difai"nin qonağı olan debütant "Şimal" 1:4 hesabı ilə məğlub oldu. "Şimal"ın baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bilmirəm nə deyim... Vəziyyətimiz elə də yaxşı deyil, bir tərəfdən də hakimlər bizi "sıxırlar". 5-ci turda "Mingəçevir"ə qarşı keçirdiyimiz oyunda (1:3) birinci qolu biz vurmuşduq, qalib gəlirdik. Oyunçumuza qarşı kobudluq etdilər, yerdə qaldı. Hakim (matçı Kamran Əliyev idarə edib - red.) oyunu davam etdirdi, rəqib həmin hücumu qolla tamamladı. Oyundan sonra həmin epizod barədə özündən soruşdum, deyir: "Düz deyirsən, görməmişəm". Səhvini boynuna aldı. Həmin hakimlər "Difai" ilə oyuna da təyin edilmişdilər. Bu nə dərəcədə düzgündür? Qapımıza verilən penaltidən söhbət gedə bilməzdi, o heç. Rəqib futbolçu qırmızı vərəqə almalı olduğu epizodda da "sarı" verdi. Nə bilim... Bilmirəm, pis çıxmasın, yiyəsiz görürlər bizi, ya nədir, nə məsələdir... Onsuz da maddi sıxıntımızı var, vəziyyətimiz o deyil. Birinci qolu biz vurmuşduq, yaxşı başlamışdıq, amma hakimlərin qərarları bizi "sındırdı". Belə şeylər olanda həvəsdən düşürük. Bu oyunda da uduzduq. Çalışacağıq ki, növbəti qarşılaşmalarda uğur qazanaq".
Nihat