AZ

Diasporun inkişafını şərtləndirən əsas amillər

Dünyanın fərqli ölkələrində yaşayan azərbaycanlılar müxtəlif icma və təşkilatlar qismində diaspor fəaliyyətini həyata keçirməkdədir. Xüsusən, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə diasporun fəaliyyətində müsbət tensensiya özünü göstərir.

Başlıca olaraq, qərb ölkələrində formalaşan diaspor təşkilatları müxtəlif tədbir və konfranslarla ölkəmiz üçün vacib olan məsələləri gündəmə gətirməklə, Azərbaycanın xarici siyasətinə bir növ təkan olurlar. Lakin diasporun daha genişmiqyaslı inkişafı üçün bir sıra amillərin olması əsas şərtdir.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında Mətbuat Şurası İdarə Heyyətin üzvü,  çoxsaylı beynəlxalq təşkilatlarda fəaliyyəti ilə tanınan politoloq Yeganə Hacıyeva bildirib ki, diaspora fəaliyyəti həm də milli kimliyin qorunması, həm də vətənin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm strateji əhəmiyyət daşıyır: pizza

“Diaspora fəaliyyəti — xaricdə yaşayan bir xalqın və ya millətin nümayəndələrinin öz milli kimliyini qoruyub saxlamaq, mənəvi və mədəni dəyərlərini yaşatmaq, həmçinin yaşadıqları ölkədə doğma vətənin maraqlarını müdafiə etmək istiqamətində həyata keçirdikləri çoxşaxəli ictimai, siyasi və mədəni fəaliyyətdir.

Diaspor fəaliyyəti tarixin bütün dövrlərində milli dövlətlərin maraqlarının kənarda təmin olunması istiqamətində ciddi alətlərdən biridir. Diaspora fəaliyyəti həm də milli kimliyin qorunması, həm də vətənin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Paralel olaraq, diaspor həm də dövlətlərin xarici siyasətdə münasibətlərini formalaşdıran rol alan fakrorlardandır. Diasporun münaqişələrin həllində rolu çoxşaxəli və strateji əhəmiyyətə malikdir.

Xaricdə yaşayan soydaşların düzgün təşkilatlanmış və məqsədyönlü fəaliyyəti həm informasiya müharibəsində, həm də diplomatik və ictimai təzyiq vasitələrinin formalaşmasında mühüm rol oynayır. Diaspor münaqişələr barədə obyektiv məlumatların yayılması, dezinformasiya və saxta təbliğatın qarşısının alınması və beynəlxalq ictimai rəydə həqiqətlərin tanıdılması üçün media, sosial şəbəkələr və beynəlxalq tədbirlərdən istifadə edir.

Münaqişə zamanı və ondan sonra milli maraqların qorunması, tarixi ədalətin bərpası və beynəlxalq hüququn aliliyinin təmin edilməsi istiqamətində fəal rol oynayır”.

Politoloq vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlıların diaspor fəaliyyəti yerli icmalarla əlaqədar olmalıdır ki, bizim üçün vacib anlarda onlarla birlikdə mütəşəkkil şəkildə hərəkətə gətirə bilsin:

“Post-sovet ölkələrinin çox azında müasir dövrün diaspor tələblərinə cavab verən diapsor təşkilatlar  mövcuddur. Məsələn, bu diaspora təşkilatları yaşadıqları ölkələrin siyasətçiləri və qərarverici dairələri ilə əlaqələr quraraq, doğma vətənin mövqeyini müdafiə edən qərarların qəbuluna təsir göstərə bilmirlər. Ermənistanın bu mövzuda vəziyyəti çox fərqlidir.

Çünki dünyadakı erməni diaspor fəaliyyətinin 100 ildən çox yaşı var. Onlar müxtəlif regionlarda yerli siyasətə inteqrasiya olunaraq, lokal siyasi, iqtisadi və qanunverici sahələrdə çox güclü şəbəkə formalaşdırıblar. Etiraf etməliyik ki, erməni diasporu müasir diaspor və lobbi sahəsinin ən uğurlu modellərdən biridir. Məsələn , uğurlu model olaraq yəhudi diasporundan da bəhs edə bilərik. Onlar da bu məsələdə kifayət qədər uğurlu nəticələr əldə edib.

 Dünyanın müxtəlif yerlərində yaşayan yəhudi lobbi icmaları geniş siyasi proseslərə, maliyyə kütlələrinə nəzarət edir. Müstəqilliyin ilk illərində bizim başımız diaspor quruculuğdan  daha çox daxili problemlərin həllinə qarışmışdı.  Bu isə bizi arzuediləndən daha fərqli ssenariyə gətirib çıxardı. Yeni müstəqillik qazanmış bir ölkə birdən-birə 20 faizlik ərazi işğalı və 1 milyonluq məcburi köçkün kütləsi problemi üz-üzə qaldı. Məhz belə faktorlar səbəbindən, diaspor quruculuğunda müəyyən çətinliklər özünü göstərdi. Dövlət daha çox daxildəki sosial problemlərin həll istiqamətində intensiv addımlar atırdı.

Onu da qeyd etmək lazımdır ki, ermənilərdən fərqli olaraq, bizdə diaspor quruculuğu institutsional deyil, daha çox fərdlərin ətrafında birləşən diaspor icmaları formalaşdırdı. Nüfuzlu bir fərd var idisə diaspor fəaliyyəti də var idi, yox əgər belə bir fərd yox idisə, fəaliyyət də demək olar ki, yox idi. Ancaq 44 günlük Vətən müharibəsi onu göstərdi ki, azərbaycanlıların müstəqil , heç kimin nəzarətində olmayan, güclü diaspor potensialı var. Həmin dövrdə dünyanın müxtəlif yerlərində olan bütün sosial təbəqələrdən olan azərbaycanlılar məhz bir hədəfə vurdular. Bu böyük nəticələr verdi.

Bu gün Azərbaycanın xarici siyasətinin uğuru dövlət başçısının qlobal səviyyədə olan gücü və nüfuzunun üzərindədir. Buna paralel olaraq, xaricdə olan diaspor təşkilatları da aparılan siyasətə təkan verməlidir. Xaricdə diaspor təşkilatları keçirdikləri tədbirlərə yerli ictimai-siyasi icmaların təmsilçiliyi ilə qurulmalıdır. Xaricdə yaşayan azərbaycanlıların diaspor fəaliyyəti yerli icmalarla əlaqədar olmalıdır ki, bizim üçün vacib anlarda onlarla birlikdə mütəşəkkil şəkildə hərəkətə gətirə bilsin. Tarixən diasporlar öz infrastrukturlarını yerli  cəmiyyətlərdə həssas qruplarla işləməklə formalaşdırırlar. 

Məsələn, uşaq evlərində, həssas ailələrdə böyümüş uşaqların təhsil xərclərinin qarşılanması kimi addımlarla onları diaspor adına qazandırmaq olar.  Dünyada əsrlərdir diasporların bundan uğurlu resepti yoxdur. Bu baxımdan, Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatları belə məsələlərdə daha aktiv işləməlidir. Belə olan halda diasporalar, təkcə xaricdəki mədəni icmalar deyil, həm də münaqişələrin sülh yolu ilə, ədalətli və beynəlxalq hüquqa uyğun həllinə dəstək verən mühüm ictimai-siyasi qüvvələrə transfer oluna bilərlər”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Seçilən
96
yenisabah.az

1Mənbələr