BAKI, 24 oktyabr. TELEQRAF
Şimali Koreya ordusu Rusiya qüvvələrinin Ukraynaya hücumlarını koordinasiya edir və kəşfiyyat dəstəyi göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, Şimali Koreya ordusunun Ukrayna ərazisində hərbi əməliyyatlarda birbaşa iştirak etdiyi ilk haldır. Məlumata görə, koreyalı PUA operatorları Rusiyanın artilleriya və reaktiv yaylım atəşi sistemlərindən Ukraynanın Sumı vilayətindəki mövqelərə zərbələr endirmək üçün istifadə etməsinə kömək edirlər.
“Çox güman ki, Şimali Koreya hərbçiləri bundan əvvəl Rusiyanın Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı taktiki zərbələr və kəşfiyyat əməliyyatları həyata keçiriblər. Amma onların əsas rolu piyada bölmələri qismində Kursk istiqamətində Ukrayna ordusuna qarşı hücum əməliyyatları aparmaq olub. Böyük ehtimalla, Şimali Koreya bu münaqişədən öz döyüş qabiliyyətini artırmaq üçün istifadə etməyə çalışır”, - Böyük Britaniyanın müdafiə qurumu vurğulayıb.
Məlumatda həmçinin qeyd edilib ki, Koreya qoşunlarının Ukraynanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində yerləşdirilməsi yalnız Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In tərəfindən təsdiqlənə bilər.