AZ

Qəzzanın minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər


Qəzzanın minalardan təmizlənməsi və İsrailin iki illik hərbi əməliyyatlarından sonra Zolaqda qalan partlamamış mina və mərmilərin məhv edilməsi təxminən 30 il çəkə bilər.
Yeniavaz.com
“Maan” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin himayəsi altında Fələstin anklavında fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Qəzzada bütün partlamamış hərbi sursatları təmizləmək mümkün deyil, çünki onların çoxu yerin çox dərinliyində yerləşir.
“Yalnız səthdə olan partlayıcı sursatları tapıb təmizləmək bir nəsil çəkəcək”, - QHT nümayəndəsi qeyd edib.
O, həmçinin qeyd edib ki, İsrail hakimiyyət orqanları partlamamış hərbi sursatların aşkarlanması və məhv edilməsi üçün lazımi avadanlıqların anklav ərazisinə gətirilməsinə icazə vermir.
Qeyd edək ki, daha əvvəl “Handikap İnternational” beynəlxalq qeyri-hökumət təşkilatının nümayəndəsi bildirmişdi ki, onun hesablamalarına görə, 2023-cü ilin oktyabr ayından bəri Qəzzada gedən döyüşlər zamanı İsrail qüvvələri anklav ərazisinə təxminən 70 min ton mərmi və bomba atıb. BMT-nin ixtisaslaşmış agentliyinin təhlilinə görə, İsrail qüvvələri tərəfindən Qəzzaya atılan bomba və mərmilərin 5%-dən 10%-ə qədəri partlamayıb.
Qəzza zolağı administrasiyasının mətbuat xidmətinin məlumatına görə, hazırda dağıdılmış binaların dağıntıları altında və əhalinin məskunlaşdığı ərazilərin küçələrində İsrail ordusunun Qəzzaya atdığı top mərmiləri, minalar, bombalar və raketlər də daxil olmaqla azı 20 min partlayıcı qurğu basdırılıb. Mətbuat xidməti bildirir ki, bütün partlamamış hərbi sursatlar həm evlərinə qayıdan yerli sakinlər, həm də Zolaqların məskunlaşdığı ərazilərdə dağıntıları təmizləyəcək işçilər və mütəxəssislər üçün real təhlükə yaradır.
Xatırıladaq ki, oktyabrın 6-da İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında vəziyyətin nizamlanması üçün dolayı danışıqları bərpa ediblər.
Oktyabrın 9-da münaqişə tərəfləri ABŞ Prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar.
Seçilən
81
yeniavaz.com

1Mənbələr