"Son dönəmlər süni intellektin təhsildə, xüsusilə də ali təhsildə rolu haqqında danışılır. Süni intellektin nə zamansa ali təhsildə, ümumiyyətlə təhsildə müəllimləri əvəz edə biləcəyi sualları aktualdır. Birmənalı olaraq düşünürəm ki, xeyr".
Bu fikirləri Redaktor.az-a ali təhsil üzrə mütəxəssis Vüsal Kərimli süni intellektin ali təhsil sahəsində tuta biləcəyi mövqeydən danışarkən bildirdi.
"Doğrudur ki, süni intellekt məlumatları daha çevik, daha tez ümumiləşdirib çatdıra bilir. Amma müəllimlik təkcə elm və ya hansısa bir biliyi vermək deyil. Eyni zamanda burada müəyyən pedaqoji yanaşmalar, psixoloji, sosial məsələlər var ki, bunu süni intellekt əvəzləyə bilməyəcək".

Onun fikrincə, süni intellekt ən yaxşı formatda müəllimə və tələbəyə köməkçi, assistantlıq etməklə prosesi daha rahat, səmərəli istiqamətə gətirə bilər.
"Yalnız və yalnız süni intellekt müəllim heyətinə əlavə köməkçi kimi fəaliyyət göstərə biləcək. Bəzi universitetlər artıq bunu edirlər", - deyə V.Kərimli vurğuladı.
Aytəkin TOFİQQIZI