BAKI, 24 oktyabr. TELEQRAF
Özbəkistan iqtisadiyyat və maliyyə nazirinin birinci müavini İlham Norkulov Cənubi Koreyanın Daşkənddəki səfiri Von Do-yunla görüşüb.
Teleqraf xəbər verir ki, danışıqlar zamanı tərəflər süni intellekt (AI) texnologiyalarının tətbiqi və inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Xüsusilə, dövlət satınalmaları proseslərinin rəqəmsallaşdırılmasına koreyalı mütəxəssislərin cəlb edilməsi yolu ilə əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən maliyyə və xəzinədarlıq sektorunda süni intellekt texnologiyalarının tətbiqi üzrə birgə təşəbbüslərin inkişafı məsələləri nəzərdən keçirilib.
Tərəflər rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı ikitərəfli tərəfdaşlığın perspektivli sahələrindən biri kimi qeyd ediblər. Süni intellekt mərkəzlərinin yaradılması və texnoloji sahələr üzrə ixtisaslı kadrların hazırlanmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi perspektivləri də müzakirə olunub.