Məsələ ilə bağlı Ajans.az Ağcabədi rayon İcra hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sahibsiz itlərin çoxalması ilə bağlı onlara da hədsiz müraciətlər edilir. Əvvəl də, indi də məsələ diqqət mərkəzindədir. Rayonun baytarlıq idarəsi ilə birlikdə problemin həlli üçün müəyyən addımlar atılır. Lakin bu məsələ hələ də tam həllini tapmayıb. Qeyd edilib ki, sakinlərin narazılığını tam həll etmək üçün məsələyə maddi dəstək də lazımdır. Çünki ara-sıra görülən işlər yetərli olmur. Hətta məsələnin ciddiyyətini işıqlandırmaq üçün müvafiq qurumlara məktublar da göndərilib. Ağcabədi bələdiyyəsi ilə birgə sığınacağın yaradılması artıq gündəmdədir. Bələdiyyə sığınacaq üçün müəyyən torpaq sahəsi ayırmalıdır. Lakin iş bununla da, bitmir. Peyvəndləmə, həkimlərin tutulması, tikinti işləri, ayrıca işçilərin hazırlanması yüksək xərc tələb edən işlərdir. İcra hakimiyyətindən deyilib ki, bu cür maddi xərc tələb edən işlər həm də müddət tələb edir. Əsas isə vətəndaşların təhlükəsizliyini tam təmin etməkdir. Lakin buna görə heyvanlara qarşı antihumanist münasibət yolverilməzdir. Onun üçün də, hələ vaxt uzanır və heyvanların sayı da artmaqda davam edir. Aidiyyəti üzrə bütün məsələlər tam şəkildə həyata keçiriləcək. Vətəndaşlardan da xahiş edilir ki, hər hansısa narahatlıq anında şikayətlərini İcra hakimiyyətinə bildirsinlər.