AZ

“Xankəndi Forumu rəqəmsal vətəndaş cəmiyyətinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır” -Osman Gündüz / FOTOLAR

“Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin sədri Osman Gündüz QHT.az-a açılamasında Xankəndidə keçirilən “Azərbaycan QHT-lərinin III Əməkdaşlıq Forumu”nun əhəmiyyətindən danışıb.

QHT sədrinin sözlərinə görə, Forum yüksək səviyyədə təşkil olunmuş və ilk dəfə Xankəndi şəhərində keçirilməsi ilə xüsusi simvolik məna daşıyıb:

“Düşünürəm ki, Forum çox yüksək səviyyədə keçdi. Bu, artıq növbəti — üçüncü əməkdaşlıq forumu idi. Ən diqqətçəkən məqam isə ondan ibarət idi ki, Forum ilk dəfə olaraq Xankəndində təşkil olundu. Bu fakt, xüsusilə QHT-lər və ümumilikdə vətəndaş cəmiyyəti üçün böyük rəmzi və mənəvi əhəmiyyət daşıyırdı. Tədbirin əsas məqsədi müasir vətəndaş cəmiyyətindəki tendensiyaları təhlil etmək və yeni dövrün çağırışlarına uyğun hədəfləri müəyyənləşdirmək idi. Forumda rəqəmsal transformasiya, süni intellekt və yeni texnologiyaların vətəndaş cəmiyyəti fəaliyyətinə təsiri xüsusi önə çıxıb. Forum çərçivəsində bir neçə panel müzakirə təşkil olundu. Mən "Rəqəmsal vətəndaş cəmiyyəti" mövzusunda keçirilən panelin moderatoru idim. İlk dəfə olaraq biz vətəndaş cəmiyyətinin süni intellekt və rəqəmsal transformasiya mühitində qarşılaşdığı imkanlar və riskləri bu qədər peşəkar səviyyədə müzakirə etdik.”

Osman Gündüz qeyd edib ki, süni intellekt alətləri və rəqəmsal texnologiyalar ictimai nəzarət, monitorinq və maarifləndirmə fəaliyyətlərində yeni imkanlar açır. Eyni zamanda, o, süni intellektdən istifadənin doğurduğu etik və informasiya təhlükəsizliyi risklərinə də diqqət çəkib:

“Artıq elə monitorinq və analiz sistemləri mövcuddur ki, əvvəllər QHT-lərin bir ay vaxt sərf etdiyi işi indi bir dəqiqəyə yerinə yetirmək mümkündür. Bu, vətəndaş cəmiyyəti üçün böyük fürsətlər yaradır. Biz eyni zamanda dezinformasiya, manipulyasiya və etik problemlər kimi çağırışları da müzakirə etdik. Bu risklərin minimuma endirilməsi üçün təkliflər səsləndirildi. Təkliflər arasında ‘Rəqəmsal vətəndaş cəmiyyəti konsepsiyası’nın hazırlanması, bu sahədə QHT-lər üçün təlimlərin təşkili, həmçinin ‘Açıq məlumat bazaları haqqında’ qanun layihəsinin hazırlanması kimi təşəbbüslər yer aldı.”

Sonda Osman Gündüz qeyd edib ki, Xankəndidə keçirilən Forum, rəqəmsal vətəndaş cəmiyyətinin formalaşması baxımından mühüm bir mərhələ kimi yadda qalacaq:

“Yekun olaraq demək olar ki, bu Forum müasir çağırışlar fonunda rəqəmsal vətəndaş cəmiyyətinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edən tədbir oldu.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
48
qht.az

1Mənbələr