BAKI, 24 oktyabr. TELEQRAF
"Uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın dəstəyi ilə Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən uşaq hüquqlarına dair müxtəlif mövzulara aid ictimai dinləmələr keçirilir. Parlamentdə uşaqlarla görüşlərimiz olur, onların problemlərini dinləyirik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, bu gün təqdim edilən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda və digər məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 8.0.7-ci maddəsinə uyğun olaraq hazırlanıb. Məqsəd normativ hüquqi aktlar arasındakı ziddiyyətin və qanunvericilikdəki boşluqların aradan qaldırılması, habelə valideyn himayəsindən məhrum olmuş uşaq anlayışına münasibətdə vahid yanaşmanın tətbiq edilməsidir.
Belə ki, Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynləri ölmüş (valideynlərini itirmiş) uşaqlar da valideyn himayəsindən məhrum olmuş uşaq kateqoriyasına aid edilir. Ancaq, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda bu sözlər fərqli anlayışlar kimi qəbul edilir".
Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı müvafiq Fərmanda həmin anlayış vahid şəkildə təsbit edilir, bu da qanunvericilikdə dəyişikliklərin edilməsi zərurətini yaradır:
"Bu məsələləri nəzərə alaraq, təqdim olunan qanun layihəsində müvafiq dəyişiklik edilərək vahid bir anlayış - “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında birləşdirilib. Qanunun 1-ci maddəsi yeni redaksiyada verilib.
Eyni zamanda, layihədə müvafiq məcəllə və qanunlarda nəzərdə tutulmuş dəyişikliklər uyğunlaşma çərçivəsində hazırlanıb. Mənzil Məcəlləsinin 56.2.2-ci maddəsində isə “ailə tipli uşaq evləri” sözləri “ailə tipli kiçik qrup evləri” sözləri ilə əvəz edilib.
Bütövlükdə, qanun layihəsi uşaq hüquqlarının daha da təkmilləşdirilməsinə xidmət edəcək. Qanun layihəsi komitə iclasında müzakirə olunub və birinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə edilib.