BAKI, 24 oktyabr. TELEQRAF
Bu ilin üçüncü rübündə "Bank Avrasiya" ASC-nin müştərilərə verilmiş kreditlərinin (kredit portfeli) həcmində azalma müşahidə olunub. Xüsusilə də biznes kreditlərinin həcmi azalıb.
Teleqraf bankın maliyyə hesabatına istiandən xəbər verir ki, müştərilərə verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə 1,7 faiz azalaraq 133 milyon 860.72 min manata, biznes kreditləri 11,7 faiz azalaraq 55 milyon 161.46 min manata, ipoteka kreditləri isə 0,57 faiz azalaraq 58 milyon 841.45 min manata enib.
 Bank dövr ərzində balansında olan bir sıra əmlak və avadanlıqları da realizə edib. Bununla da əmlak və avadanlıqlarının dəyəri ötən ilin sonu ilə nisbətdə 7,1 faiz azalaraq 4 milyon 805.88 min manat təşkil edib.
Bankın öhdəliklərinə gəlincə, hesabat dövründə öhdəliklər 113 milyon 776.81 manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 2,2 % və yaxud 2 milyon 556.18 min manat azalma deməkdir. Onu da bildirək ki, bankın öhdəliklərinin azalması əsasən depozitlərin həcminin 63 milyon 14.70 minmanatdan 60 milyon 633.44 min manata qədər enməsi ilə bağlı olub. Bu da faiz ifadəsi ilə 3,78 faiz azalma deməkdir. Depozit həcminin azalması həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 1 milyon 115.98 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 1 milyon 265.28 min manat azalma baş verib.
Bankın vaxtı keçmiş kreditlərinin həcmi həcmi isə 17 milyon 640.34 min olub və kredit portfelində xüsusi çəkisi 13,18 faiz təşkil edib.
Qeyd edək ki, "Bank Avrasiya" ASC ötən ili də maliyyə çətinlikləri ilə başa vurub. Belə ki, həmin dövrdə bankın faiz gəlirləri 2023-cü ilin sonu ilə müqayisədə 15 milyon 34.351 min manatdan 14 milyon 21 min 218 manata, qeyri faiz gəlirləri isə 853 min 819 manatdan 141 min 365 manata düşüb. İlin sonuna mənfəət vergisindən əvvəlki mənfəəti 6 milyon 573 min 741 manatdan 3 milyon 986 min 412 manata, səhm üzrə mənfəəti isə 259.52 manatdan 158.19 manata enib.
Yeri gəlmişkən bildirək ki, "Bank Avrasiya" ASC-nin səhmdarları “Azbizneskom” MMC, “Top Properties” MMC, Rüstam Eynullayev, “Euro tandard” MMC və “PMD Group” MMC-dir.
 
                        