AZ

10 azarkeşin izlədiyi oyun, hər il 600 min manat xərclənən çempionat... 2 ci liqa kimə lazımdı?

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bəli, ölkənin futbol təsərrüfatı uzun illərdi azarkeşsizlik sindromuyla mübarizə aparır. Ancaq 2-ci liqada durum daha bərbaddı. Təsəvvür edin, AFFA-nın hər kluba illik 50 min manat verdiyi çempionatın oyunlarına ən yaxşı halda 100 azarkeş gəlir. Hətta PFL-in saytında yerləşdirilən bəzi protokollarda bu sayın 10-a qədər endiyinin şahidi oluruq. Təbii ki, ortaya xoşagəlməz mənzərə çıxır.Belədə ağla bu suallar gəlir: futbolçuların öz qohum-əqrəbasının belə maraq göstərmədiyi matçların keçirilməsini zəruri edən amillər hansıdı?Sualımızı PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev cavabladı:

“2-ci liqada problemlərin olacağı əvvəldən bəlli idi. Burda müsbət və mənfi tərəflər var. İstənilən halda, bölgələrdə futbolun olması müsbət haldı. Ötən il “Cəbrayıl”dan U-17 millisinə futbolçu cəlb edilmişdi. Təbii ki, 2-ci liqadan yuxarı liqalara kütləvi şəkildə keçidlər gözləyə bilmərik. Onsuz da bu çempionatın yaradılmasının əsas məqsədi bölgələrdə futbolun olmasıdı. Səmimi deyə bilərəm ki, 2-ci liqadaki bəzi futbol nümayəndələri çox böyük fədakarlıq göstərir. Onların potensialları nəinki 1-ci liqada, hətta premyer-liqada idarəçiliyə yetir. Sadəcə, 2-ci liqa klublarının əksəriyyətində xeyli azarkeşin stadiona gələ bilməsi üçün infrastruktur premyer-liqa səviyyəsində deyil. Bu məqamlar da sayda böyük rol oynayır. Habelə klublar da tribunalara daha çox tərəfdarın cəlb edilməsi yönündə işlər görməlidi. Amma bu o demək deyil ki, oyunlara 10-15 azarkeş gəlir deyə, klub fəaliyyətini dayandırmalıdı. Siz də xatırlayırsızsa, Rahid Əmirquliyevin öz bölgəsini təmsil edən komandada – “Şahdağ Qusar”da çıxış etməsi başqa futbol veteranlarının, həmçinin, daha çox azarkeşin tribunalara gəlməsinə səbəb olmuşdu. Düşünmürük ki, 2-ci liqanı yararsız, lazımsız saymaq olar. Burdakı komandalar 1-ci liqaya yüksəlmək şansına sahibdi. Məsələn, ötən il 2-ci liqada çıxış edən “Şəfa” bu gün 1-ci liqada liderdi. Göründüyü kimi, daha yaxşı hazırlıqla daha böyük uğurlar qazanmaq mümkündü”.

KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
icma.az

2Mənbələr