AZ

Elektrik maşınları ƏDV-dən azad edildi - sadə insanlara bunun nə faydası?


Məlum olduğu kimi, Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı il yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.

Qeyd edək ki, bu qərar “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Ekspertlər hesab edir ki, məlum qərar avtomobil bazarında ciddi qiymət dəyişikliklərinə səbəb olacaq. ƏDV güzəşti yalnız elektrik mühərrikli avtomobillərə tətbiq ediləcəyi üçün hibrid modellər bu imkandan yararlana bilməyəcək və onların qiyməti artacaq.

Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2019-cu ilin yanvar ayının 1-dən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. Məcəllədə edilən növbəti dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da əlavə dəyər vergisindən azaddır. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının, eləcə də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Müddət 2025-ci ilin sonunda başa çatır. Beləliklə, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə cəlb olunacaq.

Maraqlıdır, elektriklə işləyən avtomobillərin vergidən azad olunmasının dövlətə, cəmiyyətə nə kimi faydası olacaq? Bu qərar maşınların satış qiymətinə təsir edəcəkmi? Həmçinin, xaricdən maşın gətirən şəxslərə bu qərar faydalı olacaqmı?

Xalid Kərimli: “Elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin ƏDV-dən azad edilməsi qiymətlərə təsir etməyəcək, ancaq hibrid, plug-in tipli maşınların qiyməti gələn ildən azı 18 faiz bahalaşacaq”

Iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin ƏDV-dən azad edilməsi qiymətlərə təsir etməyəcək. Çünki son 5 ildir ki, bu qayda davam edir: “Ancaq hibrid, plug-in tipli maşınlara tətbiq edilən vergi güzəştinin vaxtı bu il bitir. Bu o deməkdir ki, hibrid, plug-in avtomobillərinin qiymətində artım olacaq. Bu avtomobillərin qiyməti gələn ildən azı 18 faiz bahalaşacaq”.

Fərid Həşimov: “Bu qərar ölkəyə benzinlə deyil, elektriklə işləyən nəqliyyat vasitələrinin gətirilməsini təşviq etmək məqsədilə verilib”

Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda ölkədə elektromobillərlə bağlı çox ciddi güzəştlər tətbiq olunur: “Bu avtomobillərin ƏDV-dən azad edilməsi insanları təşviq edəcək ki, elektromobil alsınlar. Qərarın Azərbaycana elektromobillərin gətirilməsini təşviq edəcəyini düşünürəm. Çünki bu qərar ölkəyə benzinlə deyil, elektriklə işləyən nəqliyyat vasitələrinin gətirilməsini təşviq etmək məqsədilə verilib. Məqsəd bu sahədə stimullaşdırıcı tədbirləri artırmaqdır. Hazırda ekologiyanı qorumaq ən böyük məsələlərdən biridir. Bu mənada elektrik avtomobillərinin istehsalı və istifadəsinə böyük önəm verilir”.

Günel CƏLİLOVA

Seçilən
97
baki-xeber.com

1Mənbələr