AZ

Arzusudur bu hər kəsin, Yusif o yurda səsləsin!

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Yusif ŞÜKÜRLÜ

Anla bizi, ay bənövşə!

Müjdələdin sən baharı,

Əridi quzeyin qarı!

Gəl boynunu bükmə, barı,   

Göstər üzü, ay bənövşə!

Ürək-ürək yarpaqların,

Bəzəyidir bulaqların.

Sən olmusan yaylaqların,

Pəri qızı, ay bənövşə!

Qış yenidən bir dəm qurar,

Sizi soyuq, şaxta vurar.

Qorxuram ki, bir də qırar,

Qəlbimizi, ay bənövşə!

Nə var açıb-tökməyəydiz,

Sazaq dərdi çəkməyəydiz!

Bizim kimi bükməyəydiz

Boynunuzu, ay bənövşə!

Bəlkə sizə xəbər çatıb,

Aşiqlərin bəxti yatıb!

Çəkirsiniz dərdə qatıb

Dərdimizi, ay bənövşə!

Yurd dərdliyəm, nigaranam,

Göyçəliyəm, Qafandanam...

Görmək istər, ağlar anam,

Elimizi, ay bənövşə!

Elimizdən perik düşdük,

Qarda donduq, gündə bişdik.

Ayaqyalın, çılpaq keçdik

Dağı, düzü, ay bənövşə!

Örüş, yaylaq, yalım getdi,

Kilim, gəbə, xalım getdi,

Ev-eşiyim, malım getdi,

Danla bizi, ay bənövşə!

Toy-bayramı sona çatdı,

Sazın səsi onda batdı!

Yağı qırdı, söküb satdı

Kəndimizi, ay bənövşə!

"Dost" dedilər, inandıq biz,

Yadları arxa sandıq biz.

Gör bir necə aldandıq biz,

Anla bizi, ay bənövşə!

Arzusudur bu hər kəsin,

Yusif o yurda səsləsin!

"Gedək yenə görək, - desin, -

Göyçəmizi", ay bənövşə!

Gözələ tərif

O saçları burmaq ilə qəsdin nədir, gözəl gəlin?!

Zərli boyaq vurmaq belə, gərəyimi hər gözəlin?

Saç kəməndi alıb ələ, yenə hara yollanırsan?

Söylə, kimin yarısan sən, hansı adla hallanırsan?!

Göz oxşayır, cilvələnir, naz atına minən kimi,

Dalğalanır, ləpələnir saçların ağ sinən kimi,

Onları da öymək gərək, saçlarını öyən kimi,

Bu yaraşıq bəs deyilmi, boyaqlanır, xallanırsan?!

Sən yoldasan, yol sənindir, səbəbi də - gözəlliyin,

Ardınca min baxanın var, yavaş tərpən, getmə yeyin!..

Gözəllərə şal yaraşar, sənə kim dedi: - Al geyin?!

Gün işığı bəs deyilmi, şölələnir, allanırsan?!

Köynək nazik, çöhrən aydın, saç onlara məna verir,

Ağ buxağın, gözəl boynun cilvəni hər yana verir.

Tərifini Yusif deyir, o, qiyməti cana verir,

Şirinliyin bəs deyilmi, şəkərlənir, ballanırsan?!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
525.az

1Mənbələr