AZ

İşsizlər İcbari Tibbi Sığortaya illik 192 manat ödəməli olacaqlar...


Kamran Məmmədli: “Şəxs il ərzində 192 manat ödəniş etdiyi üçün sığorta ilə hər hansı bir əməliyyat olunması inandırıcı deyil, çünki…”

Xəbər verildiyi kimi, 2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub.

Diqqət çəkən məqam odur ki, heç bir yerdə işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər İcbari Tibbi Sığorta xidmətlərindən yararlanmaq üçün ödəniş etməli olacaqlar. İndiyədək bu kateqoriyaya aid şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına faydalanırdılar. Lakin yeni qaydaya görə, onlar illik olaraq minimum əməkhaqqının 48 faizi həcmində, yəni 192 manat sığorta haqqı ödəməli olacaqlar.

Bu məsələ ictimaiyyət arasında müzakirələrə və müəyyən suallara səbəb olub. Maraqlıdır, işsiz adamlar yeni ildənİcbari Tibbi Sığorta ilə əməliyyat oluna biləcəkmi?

“Əhali İcbari Tibbi Sığortaya etibar etməyə bilər və qeyri-rəsmi xidmətlərə yönələ bilər ki, bu da sistemin effektivliyini zəiflədəcək”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, işi və gəliri olmayan insanların tibbi sığortanı necə ödəyəcəyi sualının cavab yoxdur: “Onların gəliri yoxdursa, bu ödənişi hansı formada həyata keçirəcəklər? Bu qərar sosial baxımdan ədalətsizdir. Məlumdur ki, hazırda həkim müayinəsi 30-50 manat arasında dəyişir. Cərrahi əməliyyatların qiyməti isə əməliyyatın növünə görə dəyişir. Şəxs il ərzində 192 manat ödəniş etdiyi üçün sığorta ilə hər hansı bir əməliyyat olunması inandırıcı deyil. Çünki bizdə əməliyyatların qiyməti bahadır. Həmçinin, xidmətlər zərfinə ilkin tibbi sanitariya yardımı, laboratoriya, təcili təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, stasionar terapevtik və stasionar cərrahi tibbi xidmətlər daxildir. Cərrahi əməliyyatlara həyati vacib əməliyyatlar daxildir. Ümumiyyətlə, bu qərar effektiv olmayacaq. Əhali İcbari Tibbi Sığortaya etibar etməyə bilər və qeyri-rəsmi xidmətlərə yönələ bilər ki, bu da sistemin effektivliyini zəiflədəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qanunvericiliyə əsasən, işləyən şəxslər hər ay əmək haqqının 2 faizini məhz İcbari Tibbi Sığortaya, 2 faiz isə işə işə götürən ödəyir. İşləməyən şəxslər üçün isə 48 faiz ona görə götürülüb ki, məhz əməkhaqqının 4 faizi illik 48 faizedir. Minimum əmək haqqı isə 400 manat olduğunu üçün bu məbləğin 48 faizi hesablanır”.

Günel CƏLİLOVA

Seçilən
45
baki-xeber.com

1Mənbələr