Gələn il İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən 900 milyon manat ayrılması nəzərdə tutulur. Bu isə ötən il ayrılan məbləğlə müqayisədə 35 faizə qədər azdır. Bəs azalmaya nə səbəb olub?
Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, vəsaitin azalması ilk baxışdan mənfi tendensiya kimi görünsə də, bu, əslində sistemin maliyyə dayanıqlılığının artmasıdır.
Son illərdə tibbi sığorta mexanizmləri genişlənib, fondun daxilolmaları təkcə büdcə vəsaiti deyil, digər mənbələr hesabına da formalaşır. Yəni dövlət yükünün bir hissəsi tədricən özəl sektor, müəssisə və fiziki şəxslərin üzərinə keçir. Bu isə beynəlxalq praktikada tam normal prosesdir.
Bu dəyişikliklərin vətəndaşın üzərinə əlavə maliyyə yükü qoyması, yaxud xidmətlərin azalması kimi təhlükələrdən söhbət getmir. Əksinə, məqsəd vəsaitlərin daha səmərəli istifadəsi və tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır.
Dövlətin məqsədi budur ki, hər bir işləyən şəxs sistemin bir hissəsinə çevrilsin.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.