Son on ildə "Koreya dalğası" (Hallyu) adlanan fenomen Asiyadan başlayaraq bütün dünyaya yayıldı. K-pop, K-dramalar və K-beauty brendləri sadəcə əyləncə deyil, həm də mədəni təsir alətinə çevrildi.
Artıq gənclər yalnız mahnı dinləmir, onlar estetika, geyim və həyat tərzini də mənimsəyirlər. Koreya musiqisindəki enerjili rəqslər, mükəmməl səhnə görünüşü və "ideal" üz cizgiləri bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da gözəllik meyarlarını dəyişdirib. Məsələn, bu gün bir çox gənclər K-pop stili saç kəsimlərinə, pastel tonlu geyimlərə, həm də "soft boy" və "aegyo" kimi emosional davranış modellərinə üstünlük verir.
Göz qapağının forması, dodaqların həcmi, burun cizgiləri - bunlar artıq təkcə bioloji deyil, mədəni seçim məsələsinə çevrilib. Koreyada normaya çevrilmiş estetik əməliyyatlar Azərbaycanda da sürətlə yayılmağa başlayıb.
Qlobal estetikaya təkcə Koreya deyil, Qərb modası da yön verir. Moda evlərinin təqdim etdiyi trendlər, Hollivud ulduzlarının görünüşü, TikTok və Instagram influenserlərinin "ideal" bədən formaları - bütün bunlar gənclərin özünüdərk prosesini formalaşdırır.
Azərbaycan gəncliyi də bu dalğadan kənarda deyil. Bir vaxtlar milli geyim motivləri və təbii görünüş üstünlük təşkil edirdisə, indi "oversize" paltarlar, "street style" üslubu, rəngli saçlar və piercinglər gənclər arasında yayılıb. Bu, bir tərəfdən özünüifadə azadlığının göstəricisidir, digər tərəfdən isə qərbləşən identiklik axtarışının təzahürü.
Qlobal pop-mədəniyyətin musiqiyə təsiri xüsusilə aydın hiss olunur.
Azərbaycanda gənc ifaçılar artıq təkcə milli musiqi janrlarında yox, elektron, rep, R&B, hətta K-pop stilində mahnılar yaradırlar. Lakin bu proses bəzən milli musiqi dəyərləri ilə balans məsələsini gündəmə gətirir.
Mövzunu ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Olaylar.az-a şərh edib:
İncəsənət, xüsusilə də pop musiqi, yəni kütləvi incəsənət bir dəyər kimi XX əsrdən etibarən inkişaf etməyə başlayıb.
Geniş auditoriyaya təsir dairəsinə görə bu sahə üst səviyyədə olan, xüsusən də yeni nəsil, yeniyetmə və gəncləri maraqlandıran bir sənət istiqaməti kimi tanınır.
Müxtəlif dövrlərdə - istər Avropa, istər Yaxın Şərq, istər Uzaq Şərq, hazırkı dövrdə isə ABŞ, Braziliya, Kuba və Kanada kimi ölkələrin xalq və meydan sənət nümunələrinin pop və kütləvi musiqi ilə sintezindən ibarət yeni hibrid musiqi janrları meydana gəldi. Bu sənət nümunələri qısa müddətdə dünyanın hər yerinə yayılmağa başladı.
Koreya pop musiqisinin iki istiqaməti
Bu gün Koreya pop musiqisi iki istiqamətdə inkişaf edir: birincisi - canlı kütləvi musiqi, ikincisi isə virtual musiqi. Bilirsiniz ki, vaxtilə "Gangnam Style" mahnısı ilə məşhurlaşan koreyalı müğənni YouTube platformasında milyardlarla baxış toplayaraq bir ilkə imza atmışdı. Hətta xatırlayıram ki, ABŞ-nin o vaxtkı prezidenti də həmin mahnının sədaları altında rəqs etmişdi.
İkinci istiqamət isə süni intellekt texnologiyalarının iştirakı ilə yaradılan virtual musiqidir. Koreyada xüsusi proqramlar və süni intellekt "müğənniləri" vasitəsilə ifa olunan bu mahnılar əvvəllər elektron musiqi janrına aid edilsə də, indi K-pop adı altında dünyaya ixrac olunur. Bu, incəsənətdə olduqca maraqlı bir tendensiyadır. Azərbaycanda bu yeniliklərə qarşı müəyyən dirənişlər olsa da, əslində bizdə də oxşar sintez nümunələri olub.
Azərbaycan musiqisində sintez ənənəsi
Xatırlayırsınızsa, musiqili meyxana, Üzeyir Hacıbəylinin muğam-operası, caz-operalar, eləcə də Vaqif Mustafazadənin yaradıcılığı buna gözəl nümunədir. Pop və xalq musiqisinin sintezindən yaranan janrlar, Avropa musiqisi ilə Azərbaycan xalq havalarının birləşməsi nəticəsində formalaşan mahnılar həm qonşu ölkələrdə - Ermənistan, Gürcüstan, Orta Asiya, Türkiyə, həm də uzaq ölkələrdə, məsələn Norveçdə ifa olunur.
Sosial şəbəkələrin rolu və yeni musiqi trendləri
TikTok platformasına baxsaq, görərik ki, bu cür hibrid və sintez musiqilər orada çox sevilir. Hətta istifadəçilər mahnının dilini bilməsələr belə, süni intellekt vasitəsilə həmin mahnılar tərcümə olunur, yenidən yaradılır, paylaşılır və beləliklə mədəniyyətin bir növ "trendi" kimi sürətlə dünyaya yayılır. Təbii ki, bu prosesin həm müsbət, həm də mənfi tərəflərini araşdırmaq kulturologların və musiqişünasların işidir.
Xarici mədəniyyətlərin Azərbaycan sənətinə təsiri
Koreyada bundan öncə filmlər və seriallar da müxtəlif platformalar və telekanallar vasitəsilə Azərbaycanda böyük populyarlıq qazanmışdı. Daha əvvəl Amerika, Rusiya, Türkiyə, İran və Braziliya serialları da bizim kütləvi incəsənətimizə ciddi təsir göstərmişdi. Dünənə qədər Azərbaycan toylarında Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı "Lambada" ritmləri də səslənirdi, insanlar həmin mahnılarla rəqs edirdi.
Bu baxımdan, Koreya pop musiqisinin Azərbaycan incəsənətinə və estetik dəyərlərinə təsiri tamamilə təbii haldır.Biz istəsək də, istəməsək də, yeni nəsil bu tendensiyaları tez mənimsəyir və yaradıcılığında əks etdirir.
Xatırlayıram, Azərbaycan-Ermənistan münaqişəsinin gərgin olduğu bir dövrdə Türkiyədə bir erməni mahnısı dəbə düşmüşdü və o, Bakıda da dinlənilirdi. Buna görə ictimai qınaq da olmuşdu.
Pop musiqinin sərhədsizliyi
Ümumiyyətlə, pop musiqinin və kütləvi incəsənətin milliyyəti yoxdur. Onu yaradanlara baxsaq, görərik ki, Fransada ərəblər, İngiltərədə hindistanlılar və pakistanlılar, ABŞ-də afroamerikalılar, yəhudilər, irlandlar, hazırda isə Çin və Koreya mənşəli sənətçilər bu janrın formalaşmasına mühüm töhfə veriblər. Müsəlman ölkələrindən gələn sənətçilər də sintetik musiqi janrlarının inkişafında mühüm rol oynayıb. Pop, rep, rok, metal, elektron kimi janrların bir çoxu məhz bu cür mədəni qarışıqlardan doğub. Buna görə də Koreya pop musiqisi və qərb moda trendləri qlobal mədəniyyətin, o cümlədən Azərbaycan populyar mədəniyyətinin formalaşmasına mühüm təsir göstərir.
Moda və estetikanın qlobal təsiri
Məsələn, son illərdə Azərbaycanda da Koreya və Çin mədəniyyətindən qaynaqlanan estetik dəyişikliklər müşahidə olunur. Qadınlar və kişilər əvvəlcə üz cizgilərini, sonra dodaqlarını, daha sonra gözlərini və digər bədən hissələrini dəyişdirməyə başladılar. Bu, Koreyada ictimai norma sayılır və orada pop sənətçilərin səhnə görünüşü bu "ideal"lara uyğun olmalıdır.
Əlbəttə, Azərbaycanda biz milli dəyərlərimizi qorumağa çalışırıq, lakin qlobal dünyanın bir hissəsi olduğumuz üçün bu təsirlərdən tam kənarda qala bilmərik. Sadəcə olaraq, biz öz milli mədəniyyətimizi, sənətimizi və musiqimizi inkişaf etdirməliyik. Necə ki, muğamı artıq qlobal musiqi dəyərinə çevirə bilmişik və BMT-nin mədəni irs siyahısına daxil etdirmişik.
Milli musiqimizin dünyaya çıxışı
Bundan sonra da xalq musiqisi, estrada, caz və onların sintezindən yaranan janrları dünya səviyyəsində təqdim etməliyik ki, biz də dünyaya təsir göstərə bilək.
Əlbəttə, geyimdən səhnə davranışına, rəqslərdən səhnə tərzinə qədər həm Koreya, həm də Qərb modası bizə təsir edəcək. Çünki biz qapılarımızı dünyaya açmışıq və bu təsirlərə hazır olmalıyıq.
Fikrimcə, qlobal pop-mədəniyyət artıq qarşısıalınmaz bir reallıqdır. Lakin unutmamalıyıq ki, qapını açmaq kimliyini itirmək demək deyil. Biz öz milli musiqimizi, geyim mədəniyyətimizi, dilimizi və estetik zövqümüzü qorumalıyıq. Çünki qlobal trendlər gəlir-gedir, amma milli dəyərlər və estetik yaddaş qalır.
Sevda Dəniz