Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 4–5 noyabr 2023-cü il tarixlərində keçirilən 38-ci adi qurultayı ilə bağlı açılmış ləğv iddiasında mühüm mərhələ geridə qalıb.
Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Ankara 42-ci Mülki Məhkəməsi “mütləq etibarsızlıq” tələbi ilə açılmış işdə qərarını açıqlayaraq CHP-nin 38-ci adi qurultayının ləğvi tələbinin predmeti olmadığına və “qərar verilməsinə əsas olmadığına” qərar verib.
Məhkəmə iddianı həmçinin aktiv hüquqi marağın olmaması və mübahisə predmetinin olmaması səbəbilə rədd etdiyini bildirib.
İddia keçmiş Hatay Böyükşəhər bələdiyyə başçısı Lütfü Savaş və bir qrup nümayəndə tərəfindən qaldırılıb. Onlar qurultayda qanunsuzluqlar baş verdiyini iddia edərək ləğv tələbi irəli sürüblər. Ankara Baş Prokurorluğu da eyni məsələ ilə bağlı ayrıca qanunsuzluq araşdırması başladıb.
Açılmış bütün iddialar Ankara 42-ci Mülki Məhkəməsinin işi ilə birləşdirilib. Beşinci iclasa tərəflərin vəkilləri qatılıb. Hakim iclasda bildirib ki, 26-cı Cinayət Məhkəməsindən tələb olunan sənədlər daxil olub, 24 sentyabr 2025-ci ildə keçirilən İstanbul fövqəladə qurultayına dair nümayəndə siyahıları və 8 oktyabr 2023-cü ildəki İstanbul vilayət konqresinin ləğvi üçün açılmış iş üzrə rədd qərarı da məhkəməyə təqdim edilib.
Hakim əlavə edib ki, 15 sentyabrda tələb olunan birləşdirmə protokolları və nümayəndə siyahıları da işə daxil edilib və iddiaçıların hamısının partiyadan xaric edildiyini təsdiqləyən sənəd məhkəməyə göndərilib.
İddiaçı tərəfin vəkili Onur Yusuf Üregen qərarla bağlı belə açıqlama verib:
“Uzun açıqlama etməyəcəyəm. Rədd qərarını gözləmirdik. İddiamızın qəbul ediləcəyini düşünürdük. Bu, təəccüblü bir qərardır. Amma biz mövcud hüquqi yollardan istifadə etməyə davam edəcəyik. Apellyasiya mərhələsinə müraciət edəcəyik”.
Musavat.com