Keçmiş "Real Madrid" qapıçısı Iker Kasillas lüks saat kolleksiyasının oğurlanması ilə üzləşib: Hadisə futbolçunun öz evində baş verib.

Offsideplus.az xəbər verir ki, ispan mediasının məlumatına görə, Kasillasın beş bahalı saatı oğurlanaraq yerinə saxta modellər qoyulub. Dəyişikliyi isə futbolçunun özü sonradan fərq edib.

Şikayətdən sonra aparılan araşdırma göstərib ki, oğurluqda əsas şübhəlilər evdə işləyən xidmətçi qadın və mühafizəçi olub. Məlumata görə, həmin qadın Kasillas və Sara Karbonero ailəsində 2019-cu ildən işləyirmiş, mühafizəçi isə onların yaşadığı ərazidə təhlükəsizlik əməkdaşı kimi fəaliyyət göstərib.

Polis onların evində digər saxta saatlarla yanaşı, oğurluq edilmiş saatlardan birini və digərlərinin hissələrini də tapıb.

Qeyd olunur ki, saatlardan bəzilərində Kasillasın qazandığı Çempionlar Liqası titullarının tarixləri həkk olunmuşdu.

İstintaq davam edir.