ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin Qəzzaya keçid dövrünün idarəetmə orqanına rəhbərlik etməsini istəyir. T.Bleyerin özünün də bu vəzifəni tutmaqda maraqlı olduğu yazılır.
Təxminən 1 ay əvvəl "The Economist"in yaydığı məlumatda bildirilirdi ki, Bleyr tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olan Toni Bleyer İnstitutu (TBI) belə bir hadisə üçün plan hazırlayıb. Onun BMT mandatı altında zolaqda ən yüksək siyasi və hüquqi orqan kimi çıxış edəcəyi gözlənilir. Bildirilirdi ki, Qəzza zolağı isə 25 nəfərlik katiblik və 7 nəfərlik şura tərəfindən idarə olunacaq.
Türkiyə, Misir, Qətər kimi müsəlman dövlətləri Trampın bu istəyinin əleyhinədir.
Bundan sonra nə baş verəcək? Tramp bütün bu dövlətlərin mövqeyini, Qəzzada sabitliyi bir Toni Bleyerin xatirinə qurban verəcəkmi? Müsəlman dünyasında Toni Bleyerə antipatiyanın kökündə nə dayanır? Ümumiyyətlə, müsəlmanların Toni Bleyerə qarşı bu mənfi münasibəti nə ilə bağlıdır?
Mehman İsmayılov: “İraqa əsassız və yersiz müdaxilənin memarı Toni Bleyerdir”
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Toni Bleyerin Qəzza zolağının idarə olunmasında iştirakının müsəlman dünyasında qəzəb və narazılıq yaratması təsadüfi deyil. “İraqa əsassız və yersiz müdaxilənin memarı Toni Bleyerdir. Müsəlman dövlətlərinin narazılığının və ona antipatiyasının kökündə məhz bu amil dayanır”-deyə M.İsmayılov qeyd etdi.
Qeyd edək ki, T.Bleyer 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəkləyib, bu səbəbdən də onun Qəzza zolağının idarə olunmasına rəhbərlik etməsi fikrinin irəli sürülməsi Yaxın Şərqdə və müsəlman dünyasında narazılıqla qarşılanır.
Züriyə Ruslanqızı: “Bleyer İraq müharibəsində ABŞ-ın əsas tərəfdaşı kimi çıxış etdiyi üçün, müsəlman dünyasında onun adı ədalətsiz müdaxilələr və müsəlman ölkələrinin dağılması ilə assosiasiya olunur”
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) “Bakı-Xəbər”ə bildirdi ki, Trampın Qəzza idarəçiliyinə dair planında Toni Bleyerin adının keçməsi bölgədə yeni diplomatik gərginlik yaradıb. “Bleyer İraq müharibəsində ABŞ-ın əsas tərəfdaşı kimi çıxış etdiyi üçün, müsəlman dünyasında onun adı ədalətsiz müdaxilələr və müsəlman ölkələrinin dağılması ilə assosiasiya olunur. Buna görə Türkiyə, Misir və Qətər kimi ölkələr onun rəhbərliyi altında formalaşacaq komitəyə etimad göstərmir. Tramp üçün bu məsələ təkcə şəxsi seçim deyil, həm də Yaxın Şərqdə ABŞ-ın etibarının sınağıdır. Əgər o, bu mövqeləri nəzərə almadan Bleyeri təyin edərsə, regionda sabitlik daha da çətinləşə, ABŞ-ın tərəfsizlik imici isə ciddi zərbə ala bilər. Nəticədə, Bleyerin keçmişi Qəzzada yeni səhifə açmaq əvəzinə, köhnə yaraları xatırlada bilər”-deyə Z.Ruslanqızı bildirdi.
İradə SARIYEVA