AZ

Şəhid İsmayıl Salmanov və Ziyad Muradovun xatirəsi anılıb

Füzuli, 25 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətən Müharibəsi şəhidləri İsmayıl Salmanov və Ziyad Muradovun anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər. Əslən Füzuli rayonu Alıxanlı kəndindən olan Salmanov İsmayıl Rəhman oğlu 1997-ci ildə İmişlidə məskunlaşan məcburi köçkün ailəsində dünyaya göz açıb. Daha sonra İsmayıl və ailəsi Zobucuq qəsəbəsində məskunlaşıb. Həqiqi hərbi xidməti vaxtı ön cəbhədə qulluq edib, sonra isə müddətdən artıq hərbçi olaraq Vətənin keşiyində dayanıb. 44 günlük müharibə zamanı Cəbrayıl, Xocavənd, Füzulidə gedən döyüşlərdə iştirak edib, oktyabrın 24-də Füzuli rayonu ərazisində uğrunda döyüşdə şəhid olub. İsmayıl Salmanov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Muradov Ziyad Muradxan oğlu 1991-ci il fevralın 3-də Füzuli rayonu Arış kəndində anadan olub. Hələ uşaq yaşlarında Ziyad ailəsi ilə birlikdə öz doğma yurdlarından məcburi köçkün düşərək Bakıda məskunlaşıblar. Həqiqi hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu olaraq Vətən keşiyində dayanıb. 44 günlük müharibə zamanı Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedəndə döyüşlərdə iştirak edib, oktyabrın 20-də Füzuli istiqamətində baş verən döyüşlər zamanı şəhid olub. Ziyad Muradov ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Seçilən
89
azertag.az

1Mənbələr