AZ

Bölgədə sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin yaradılmasında Azərbaycan önəmli rol oynayır

Oktyabrın 24-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə rəhbərliyi ilə nümayəndə heyətinin oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri barədə məlumat verib.

Səfərin  məqsədinin Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etməkdən ibarət olduğunu deyən spiker  bildirib ki, oktyabrın 20-də Assambleyada "Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi" mövzusunda müzakirələr aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova çıxışı zamanı Azərbaycan xalqının humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. İştirakçılara Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Məcburi köçkünlərin doğma  yurdlarına qayıdışı prosesi başlayıb. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiqliyinin sübutudur.

Bildirilib ki, vaxtı ilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə qismində çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib. Son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırılıb. 

Spiker Sahibə Qafarova deyib ki, Assambleya çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər. 

Diqqətə çatdırılıb ki, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. 

Milli Məclisin Sədri çıxışında deyib ki, hazırda Milli Məclisin sədrlik etdiyi üç parlament təşkilatından biri də Asiya Parlament Assambleyasıdır. Digər iki təşkilat isə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. 

Deputatların diqqətinə çatdırılıb ki, Cenevrədə Azərbaycan parlamentinin spikerinin sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirilib. 

Tədbirdə spiker Sahibə Qafarova çıxış edərək, Milli Məclisin təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən etibarən görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində Azərbaycan bir sıra prioritetlər irəli sürüb. Təşkilatın sıraları genişləndirilib, Assambleyada müşahidəçi statusu olan beynəlxalq təşkilatların sayı artırılıb. Bundan əlavə, təşkilatın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə olunub, onun bürosunun fəaliyyəti daha da canlandırılıb. 

Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin də keçirildiyini deyən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, eləcə də Bosniya və Herseqovina  və Namibiya parlamentlərinin sədrləri ilə danışıqlarda parlamentlərarası əməkdaşlığın inkişafı yolları nəzərdən keçirilib. 

Eyni zamanda bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilib, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışılıb. 

Milli Məclisin Sədri bildirib ki, oktyabrın 21-də onun Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü baş tutub. Bu, Parlamentlərarası İttifaq çərçivəsində baş tutan üçüncü görüş olub. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti vurğulanaraq, konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi diqqətə çəkilib. 

Parlamentin spikeri deyib ki, Cenevrədə Parlamentlərarası İttifaqın üzvü olan ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının növbəti sessiyası da keçirilib. Sessiyada rəqəmsal texnologiyaların parlamentlərdə tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə Milli Məclis Aparatının rəhbəri çıxış edib. 

Spiker Sahibə Qafarova Cenevrəyə işgüzar səfərin uğurlu olduğunu bildirib, bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə təşəkkür edib.

Parlamentin spikeri qeyd edib ki, oktyabrın 25-də Qubadlı Şəhəri Günü qeyd olunacaq. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biridir. Bu gün quruculuq dövrünü yaşayan Qubadlı Qarabağın və Şərqi Zəngəzurun yeni həyatını təcəssüm etdirir. 

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb, parlamentin komitə sədri Zahid Oruc, deputatlar Soltan Məmmədov, Asif Əsgərov, Azər Badamov, Rizvan Nəbiyev, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Hikmət Məmmədov, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Elman Nəsirov çıxış ediblər. Bildirilib ki, Vətən müharibəsindən sonra Azərbaycan regionda postmünaqişə dövrü diplomatiyası həyata keçirir. Cənubi Qafqazda söz sahibinə çevrilmiş ölkəmizin regional və beynəlxalq səviyyədə mövqeləri möhkəmləndirilir. Bölgədə sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin yaradılmasında Azərbaycan önəmli rol oynayır. Dövlət başçımızın xarici səfərləri, keçirdiyi görüşlər dünyada dialoqun inkişafına, sabitliyin möhkəmlənməsinə mühüm töhfələr verir. 

Çıxışlarda ölkə Prezidenti İlham Əliyevin sülhün möhkəmləndirilməsi istiqamətində müəyyənləşdirdiyi strateji xəttin yalnız imzalanmış sazişlərlə deyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri ilə möhkəmləndirildiyi vurğulanıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfərinin, keçirdiyi görüşlərin mədəniyyətlərarası dialoq, multikulturalizm ideyalarının təbliği baxımından mühüm əhəmiyyəti qeyd olunub, burada Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan bərpa işləri təqdirəlayiq hesab edilib.

Regionda sülhün möhkəmləndirilməsindən, bununla bağlı atılan addımlardan söhbət açan deputatlar, bu günlərdə Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşünü yüksək dəyərləndiriblər. Bununla yanaşı, İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında təşkil olunmuş "dəyirmi masa"nın iki xalq arasında etimadın bərpası istiqamətində vacibliyini qeyd ediblər.

Deputatlar Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizinin (TRIPP) iqtisadi, milli maraqlar baxımdan, habelə regional və beynəlxalq əhəmiyyətindən, bu layihənin reallaşdırılmasının ölkələr arasında əməkdaşlığın genişləndirilməsində rolundan da bəhs ediblər.

Çıxışlarda həmçinin müasir dövrdə informasiya məkanının müxtəlif təhdidlərdən qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyi, bir sıra digər aktual  məsələlərdən bəhs edilib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 17 məsələ daxil edilib və ilk 5 məsələ ölkə Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır. Spiker bu  məsələlərin müzakirəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərovun, Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurovun və hakimliyə namizədlərin iclasda iştirak etdiyini bildirib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, R.A.Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələlər barədə məlumat verib.

Millət vəkili məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanına əsasən başlanılan yeni inkişaf mərhələsi çərçivəsində görülən işlərdən danışıb. Bildirilib ki, bu istiqamətdə Məhkəmə-Hüquq Şurası tərəfindən bir sıra tədbirlər həyata keçirilib, mövcud hakim vakansiyalarının komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçilməsi prosesi ardıcıl davam etdirilib. Qeyd edilib ki, hazırda məhkəmə sistemində 645 hakim fəaliyyət göstərir, növbəti ilin əvvəlinə hakimlərin sayının 720-yə çatdırılması nəzərdə tutulub. Görülmüş işlər sırasında, habelə cari ilin iyun ayında Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirildiyi söylənilib. Bununla yanaşı, oktyabr ayında Bakıda 71 dövləti təmsil edən 300-ə yaxın nümayəndənin iştirak etdiyi Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının toplantısının keçirildiyini, Milli Məclis Sədrinin Assambleya iştirakçıları ilə görüşdüyü diqqətə çatdırılıb.

Nizami Səfərov bildirib ki, dövlət başçısının müvafiq təqdimatlarına əsasən, 11 hakim barəsində məsələlərin müzakirəsi nəzərdə tutulub. Belə ki, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinin hakimləri, 1 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, 1 nəfərin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunur.

Komitə sədri Siyavuş Novruzov, deputat Aydın Mirzəzadə öz fikirlərini səsləndirdikdən sonra, təqdim olunan 5 məsələ üzrə Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov Şura tərəfindən aparılan islahatlar nəticəsində hakimlərin seçilməsi prosesinin sürətləndirildiyini, şura nəzdində fəaliyyət göstərən Hakimlərin Qiymətləndirilməsi Komitəsinin müvafiq qaydalara uyğun olaraq hakimlərin peşəkarlıq səviyyəsinin müəyyən etdiyini söyləyib.

Parlamentin spikeri gündəliyin növbəti məsələsinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu və layihənin bir oxunuşda baxılaraq qəbul ediləcəyini bildirib.

 Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həmin qanun layihəsinin mahiyyətindən danışıb. O, sənəddə təklif olunan dəyişikliyin dəqiqləşdirmə xarakteri daşıdığını deyib. Bildirilib ki, adıçəkilən qanunun yeni redaksiyada təqdim edilmiş 19.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və  Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib. 

Daha sonra "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə,  "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında  qanun  layihələri ikinci oxunuşda qəbul edilib.

Qısa fasilədən sonra iclas öz işini davam etdirib.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin qalan 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil edildiyini və mahiyyətcə bir-birinə bağlı olduğunu söyləyib. Qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov iclasda iştirak edir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, qanun layihəsi Azərbaycan ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir. Layihədə müvafiq anlayışlar, sahə üzrə dövlət tənzimlənməsi çərçivəsində görüləcək tədbirlər, ekspeditora qarşı etiraz və iddia verilməsi qaydaları, sahəvi ictimai birliklərin yaradılması ilə bağlı məsələlər əks olunur.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin tərtibi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası ilə əlaqədardır. Strategiyanın Tədbirlər Planında tranzit daşıma və logistika işinin səmərəli təşkili üçün nəqliyyat-ekspedisiya fəaliyyətini reqlamentləşdirən normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda bu layihə nəqliyyat-logistika göstəricisi üzrə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Belə ki, nəqliyyat-ekspedisiya fəaliyyəti iqtisadi indikator kimi sahibkarlıq subyektlərinin geniş dairəsini əhatə edir.

Nəzərə çatdırılıb ki, yükdaşımalarının təşkili yük göndərən, daşıyıcı, yük alan münasibətlərinə əsaslanır. Müasir dövrdə isə bu fəaliyyət ekspeditor xidmətlərindən istifadə etməklə həyata keçirilir. Daşımalar zamanı marşrutun optimal seçilməsi, daşıyıcının müəyyənləşdirilməsi, yükün daşınmaya hazırlanması, nəqliyyat-ekspedisiya sənədlərinin rəsmiləşdirilməsi, o cümlədən gömrük, sığorta və digər prosedurların icrası, daşımanın izlənilməsi, yüklərin təhlükəsizliyinin və vaxtında çatdırılmasının təmin olunması və digər vəzifələrin yerinə yetirilməsi ekspeditorun üzərinə düşür. Bu baxımdan ekspeditor xidməti bilik, xüsusi bacarıq və peşəkarlıq tələb edir. 

Qeyd olunub ki, bir sıra beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi, ölkəmizdə beynəlxalq standartlara uyğun logistika mərkəzlərinin və nəqliyyat infrastrukturunun yaradılması, bu səbəbdən yüklərin ölkə ərazisindən tranzit olaraq daşınması həcminin artması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri nəqliyyat-ekspedisiya fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradır.

Komitə sədri deyib ki, qanun layihəsinin qəbul edilməsi ilə ölkəmizin tranzit imkanlarından daha səmərəli istifadə edilməsi, logistika xidmətlərinin keyfiyyətinin artması,   daşıma  xərclərinin azaldılması, vaxtın səmərəli idarə olunması təmin ediləcək, yerli ekspeditorların beynəlxalq bazarda rəqabət qabiliyyəti yüksələcək. 

Sonra Azər Əmiraslanov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verərək, bu sənədin "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlandığını söyləyib.

Belə ki, bu layihədə "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində etiraz və iddia məsələləri  tənzimləndiyindən, daşıyıcıya  və ekspeditora  yeni məzmunda anlayışlar verildiyindən, habelə qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək müvafiq dəyişikliklər təklif olunur. Habelə, dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir.

Parlamentin komitə sədri Tahir Rzayev məsələ barədə öz fikirlərini söylədikdən sonra, hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin on altıncı məsələsi olan "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edən Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, layihədə qanunun 27-ci maddəsinə 27.4-cü bəndin əlavə olunması təklif edilib. Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. Sənəddə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilib. Təqdim olunan dəyişikliklərə əsasən, bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlərə, əlilliyi olan şəxslərə, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, şəhid ailəsinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Komitə sədri vurğulayıb ki, dəyişikliklər müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılmasına, dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadəsinə xidmət edir.

Müzakirədə Milli Məclis Sədrinin müavini Musa Qasımlı, komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Ceyhun Məmmədov, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Gülşən Paşayeva çıxış edərək təklif olunan dəyişiklik və  təhsil sahəsinin bəzi aktual məsələləri ilə bağlı qeydlərini, suallarını səsləndiriblər.

Elm və təhsil nazirinin müavini İdris İsayev qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Bildirilib ki, qanun layihəsində "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş uşaq" anlayışları "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir termin kimi təsbit olunub.  Bundan başqa Mənzil Məcəlləsində "ailə tipli uşaq evləri" ifadəsinin "ailə tipli kiçik qrup evləri" ifadəsi ilə əvəzlənməsi təklif edilib. Komitə sədri deyib ki, qanun layihəsi uşaq hüquqlarının daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənədlə bağlı rəhbərlik etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırandan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Seçilən
54
azerbaijan-news.az

1Mənbələr