AZ

Texnoloji inkişaf və müasir ticarət mədəniyyəti

Ağıllı alış-veriş həm də həyat keyfiyyətini yüksəldir

Marketlər gündəlik həyatımızın ayrılmaz hissəsidir. Dükan-bazarlarda təkcə alver edilmir, həm də satıcı və alıcı davranışları formalaşır. Qiymətlərin təqdimatı, yeni texnologiyalarla müştəriyə yönəlmiş xidmətlər alıcıların seçimlərinə təsirsiz ötüşmür. Bu baxımdan müasir dövrdə alış-veriş yalnız sadə bir bazarlıq yox, həm də iqtisadi, sosial və texnoloji bir prosesdir.

Və həmin prosesdə bu gün ən çox diqqətçəkən məqamlardan biri endirimlərdir. Alıcıların böyük hissəsi hansısa məhsulu endirimdə görəndə real ehtiyacını düşünmədən onu səbətə əlavə edir. Buna görə də  "sale" (yəni endirim) ticarət obyektlərinin illərdir tətbiq etdiyi satış strategiyasıdır. "...faiz endirim", "1 al+1 hədiyyə" və ya "2-si bir yerdə" tipli kampaniyalar müştərini cəlb etməklə onu əlavə xərcə salır. Buna görə də alış-verişdə hər "endirim"ə inanıb şəxsi büdcəyə əlavə yük yaratmaqdan vaz keçmək lazımdır.

Amma son illər marketlərdə müsbət trendlər də meydana çıxıb. Sağlam həyat tərzinə artan ehtiyac bio, qlütensiz və şəkərsiz məhsullara tələbatı artırıb. O səbəbdən rəflərdə diyetik qidaların ayrıca guşəsi yaradılır ki, bu da insanların qida seçimlərini dəyişir. Artıq alıcı axtardığı məhsulu marketboyu deyil, xüsusi rəfdə axtarır. Digər tərəfdən, mobil ödəniş üsullarının, bank kartlarının və tətbiqlərin geniş yayılması kassada vaxt itkisinin qarşısını alır, eyni zamanda vətəndaşı nağd vəsait gəzdirməkdən azad edir. 

Amma ən diqqətçəkən yeniliklərdən biri "ağıllı kassalar"dır. Bu sistemlərdə müştəri kassirə ehtiyac duymadan məhsulunu özü oxudub ödənişini həyata keçirir. Ənənəvi kassalarda növbələr alıcını yorur, "ağıllı kassalar" isə həm sürət, həm də müstəqillik imkanı yaradır. Müştəri səbətini ekranda izləyir, kart və ya mobil tətbiqlə ödənişi yerindəcə tamamlayır. Dünyanın bir çox ölkəsində artıq kassirsiz marketlər də fəaliyyət göstərir - alıcı sadəcə məhsulu götürür, sistem isə çıxışda onun hesabına avtomatik yazır. Azərbaycanda bu texnologiya hələ tam yayılmasa da, gələcəkdə geniş tətbiq olunacağı istisna deyil.

Digər dəyişiklik marketə gəlmədən alış-veriş imkanının artmasıdır. Onlayn platformalar və mobil tətbiqlər müştəriyə vaxt və enerji qənaəti qazandırır. İnsan ehtiyac siyahısını evdən, yaxud ofisdən seçir, məhsullar isə ünvanına çatdırılır. Bu üsul iş qrafiki sıx olan, böyük şəhərlərdə yaşayan alıcılar üçün ideal hesab olunur. Əlavə olaraq, onlayn platformalar geniş müqayisə imkanı verir. Müştəri eyni məhsulu fərqli marketlərdə yoxlayıb ən sərfəli qiyməti seçə bilir. 

Onlayn alış-veriş fərdiləşdirilmiş təkliflərlə də seçilir. Süni intellekt alıcının əvvəlki seçimlərini izləyərək ona uyğun endirimlər barədə xəbərdarlıq edir. Məsələn, müştəri hər dəfə eyni süd markasını alırsa, endirim olan kimi tətbiq ona xəbər verir. Bu sistem həm qənaətə, həm də məqsədli alış-verişə şərait yaradır. Çatdırılma xidmətləri də sürətlə inkişaf edir.  Beləliklə, evdən çıxmadan bütün alış-verişi idarə etmək mümkün olur.

Bütün bu dəyişikliklər fonunda alış-verişdə ağıllı davranmaq daha da önəm qazanır. Siyahısız marketə girməmək, endirimləri müqayisə etmək, toplu alış-verişə üstünlük vermək və brend deyil, keyfiyyətə diqqət etmək büdcəni qorumağın əsas üsullarıdır. Texnologiyanın inkişafı ilə alış-veriş mədəniyyəti getdikcə fərqli istiqamətə gedir. Gələcəkdə süni intellektin daha çox inteqrasiya olunacağı, avtomatlaşdırılmış kassaların yayılacağı və onlayn platformaların əsas üstünlük qazanacağı gözlənilir.

Marketlərdə endirimlər, texnoloji yeniliklər və onlayn xidmətlər alıcı davranışlarını sürətlə dəyişir. Amma bütün hallarda şüurlu və planlı yanaşma ilə həm vaxtı, həm də büdcəni qorumaq mümkündür. Alış-verişi ağıllı idarə etmək yalnız qənaət deyil, həm də həyat keyfiyyətini yüksəldən vərdişdir.

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Seçilən
83
azerbaijan-news.az

1Mənbələr