"Bizim ölkədə yaşayış fondunun təxminən 95 faizi qeyri-leqal kirayə verilir. Bu, kölgə iqtisadiyyatının çox mühüm hissəsini təşkil edir. Səbəb isə tətbiq olunan 14 faizlik vergidir. Vergi çox olduğuna görə, vətəndaşlar kirayə münasibətlərini leqallaşdırmaqdan boyun qaçırır".
Day.Az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. O bildirib ki, yeni qərar vətəndaşların daşınmaz əmlak bazarına marağını azaldacaq:
"Verginin azaldılması ilə bağlı mən İqtisadiyyat Nazirliyinə təklif vermişdim. Əgər bu addım atılsaydı, kirayə münasibətləri daha çox rəsmiləşərdi. Beləliklə, həm bazar daha şəffaf formada formalaşar, həm də dövlətin gəlirləri artardı. Təəssüf ki, kirayə gəlirlərinə 10 faizlik vergi tətbiqi sektora əlavə neqativ təsir göstərəcək. Bu, müqavilə bağlayan azsaylı vətəndaşların da prosesi leqallaşdırmaqdan yayınmasına səbəb olacaq. Bununla yanaşı, vətəndaşların daşınmaz əmlaka yatırım etmək istəyi də müəyyən qədər azalacaq."
Ekspert əlavə edib ki, vergi dərəcəsinin azaldılması əksinə, büdcə daxilolmalarını artırmaq potensialına malikdir:
"Məsələn, mən vergi ödəyicisiyəm və VÖEN-lə fəaliyyət göstərirəm. Deyək ki, 10 daşınmaz əmlakım var və onların bir hissəsini rəsmi şəkildə kirayə verirəm. Yeni qərardan sonra qalan mənzilləri artıq qeyri-rəsmi kirayə verəcəyəm. Çünki ölkəmizdə bu cür hallara görə tətbiq edilən cərimələr çox aşağıdır və ciddi nəzarət mexanizmi mövcud deyil. Vergi orqanlarının hər bir kirayə mənzilə nəzarət etməsi real görünmür. Verginin məbləği, məsələn, 14 deyil, 5 faiz müəyyənləşdirilsə, vətəndaşlar bu ödənişi rahat şəkildə edər və beləliklə, həm şəffaflıq, həm də büdcəyə yığılan vəsaitlər artardı."
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, evini kirayə verən şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq.