BAKI, 25 oktyabr. TELEQRAF
İngiltərə Çempionşipində çıxış edən "Şeffild Uensdey" klubunun turnir cədvəlindən 12 xalı silinib.
Teleqraf xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqası (EFL) məlumat yayıb.
Buna səbəb klubun xarici idarəetməyə verilməsi barədə ərizə ilə müraciət etməsi olub.
Kreditorların təzyiqi nəticəsində klubun sahibi Deyfon Çansiri klubu və stadion şirkətini xarici idarəetməyə vermək qərarına gəlib. Çempionatın başlamasına bir həftə qalmış komandanın futbolçuları maaşlarının ödənilməməsi barədə məlumat yayırdılar.
Klubun mətbuat xidmətinin məlumatına görə, Culian Pitts, Kris Uiqfild və Pol Stenli "Şeffild Uensdəy"nin administratoru təyin ediliblər.
Hazırda "Şeffild Uensdey" Çempionşipin turnir cədvəlində sonuncu, 24-cü yerdə qərarlaşıb. 11 oyundan sonra komandanın hesabında - 6 (mənfi altı) xal var.