Madrid “Real”ının yarımmüdafiəçisi Cude Bellinqhem qarşıdan gələn İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya qarşı keçiriləcək “El Klasiko” oyunu öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Düşünürəm ki, hər kəs anlayır — bu cür oyunlarda vurulan qollar və qazanılan qələbələr daha çox şey ifadə edir. Onlar səni emosional və psixoloji cəhətdən mövsümün qalan hissəsinə hazırlaşdırır. Əsas rəqibini məğlub edə biləcəyini bilmək, mövsüm boyu yaxşı nəticələrə inam yaradır.
Belə matçlarda hər anı, hissi, tempi və vacib xırdalıqları idarə etmək çox önəmlidir. Əsas məsələ 90 dəqiqə boyunca psixoloji sabitliyi qorumaqdır. Biz rəqibin necə oynadığını və öz oyun planımızı bilirik. Ona görə də əsas məqsəd emosiyalara, təzyiqə və ab-havaya nəzarət etməkdir. Məhz bu detalları düzgün idarə etmək nəticəyə təsir edir”
Qeyd edək ki, görüş oktyabrın 26-da, “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.Hazırda “Real” La Liqada 9 oyundan sonra 24 xalla liderdir, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.