AZ

Əbu Mənsur Maturidi kimdir?

BAKI, TurkicWorld

Əbu Mənsur Məhəmməd ibn Məhəmməd əl-Maturidi əs-Səmərqəndi (təxmini 853–944) İslam dünyasının ən mühüm kəlam və fəlsəfə alimlərindən biridir. O, Maturidilik adlanan teoloji məktəbin banisi, Hənəfi məzhəbinin isə əsas ideoloqlarından sayılır.

Maturidi, bu gün Özbəkistan ərazisində yerləşən Səmərqənd şəhərinin Maturid adlı məhəlləsində anadan olmuşdur. Onun həyatına dair məlumatlar azdır, lakin o, Abbasilərin zəiflədiyi, Samanilər dövlətinin isə Mavəraünnəhrdə hökm sürdüyü bir dövrdə yaşadığı bilinir. Doğum tarixi tam məlum olmasa da, IX əsrin ortalarında dünyaya gəldiyi və təxminən yüz ilə yaxın ömür sürdüyü qəbul edilir.

Maturidinin türk əsilli olduğu həm dilindən, həm də yaşadığı mühitdən aydın olur. Əsərlərindəki dil xüsusiyyətləri onun ana dilinin ərəb dili olmadığını göstərir.

Maturidi, Hənəfi fiqh məktəbinin böyük alimlərindən dərs almışdır. Onun müəllimləri arasında Əbu Bəkir Əhməd əl-Cuzcani və Əbu Nəsr əl-İyazi kimi alimlər olmuşdur. O, fiqh, kəlam və təfsir elmlərində yaxşı təhsil almışdı.

Əbu Mənsur Maturidi kəlam, fiqh və təfsir sahəsində çoxsaylı əsərlər yazmış, bunlardan “Kitabüt-Tövhid” və “Təvilatül-Quran” əsərləri günümüzə qədər gəlib çatmışdır. “Kitabüt-Tövhid” Sünni kəlamının klassik mənbələrindən biridir və Allahın varlığı, qəzavü-qədər, iman və ağıl məsələlərini dərin fəlsəfi əsaslarla izah edir.

Maturidi həmçinin Mötəzilə, Batinilər kimi firqələrin fikirlərinə qarşı elmi mübarizə aparmış, İslam inancını məntiq və dəlil əsasları ilə müdafiə etmişdir.

Maturidi insan ağlını və azad iradəni ön plana çıxaran bir mövqe tutmuşdur. O, iman və əməl arasında fərq qoyur, böyük günah işlədən müsəlmanın imandan çıxmadığını bildirir. Bu baxış onu orta mövqedə duran rasionalist sünni düşüncənin təmsilçisinə çevirmişdir.

Maturidinin ailəsi və şəxsi həyatı barədə məlumat azdır. Oğlunun olub-olmaması məlum deyil. Əsasən elm və tədris fəaliyyəti ilə məşğul olmuş, dövlət adamları ilə məsafəli münasibət saxlamışdır. 944-cü ildə (bəzi mənbələrdə 945 və ya 947) vəfat etmiş, Səmərqənddə Çakardizə qəbiristanlığında dəfn olunmuşdur.

Sovet dövründə məzarı dağıdılmış, lakin 2000-ci ildə Səmərqənddə onun xatirəsinə yeni türbə və külliyyə inşa edilmişdir.

Maturidinin fikirləri onun tələbələri, xüsusən Əbu Müin ən-Nəsəfi vasitəsilə sistemləşdirilmiş və “Maturidilik” adı ilə tanınan kəlam məktəbinin əsasını qoymuşdur. ƏŞariliklə yanaşı, Maturidilik bu gün Sünni İslam düşüncəsinin iki əsas sütunundan biridir.

Seçilən
55
turkic.world

1Mənbələr