AZ

“Bir qadın, bir ömür, bir səhnə” Turan Etibaroğlu yazır...


"Qadın olmaq özü bir sənətdir, səhnədə qadın olmaq isə ikiqat məsuliyyət." ©Odri Hepbern (ingilis aktrisa) Səhnə — işığın, nəfəsin və sükutun birləşdiyi yer. O işıq altında insan öz kimliyindən soyunur, başqasının dərisini geyinir, ruhuna başqa bir insanın taleyini hopdurur. Sənubər İsgəndərli bu sehrli məkanın qadınıdır — hər dəfə səhnəyə çıxanda bir ömür yaşayır, bir qadın ölür, bir qadın doğulur. O, həyatı ilə sənətini birləşdirən nadir aktrisalardandır. Hər rol onun özündən bir parça, hər tamaşa onun həyatının davamıdır. O, səhnədə oynamaq üçün yox, yaşamaq üçün oynayır. Söhbət Azərbaycan səhnəsinin sevilən siması, Azərbaycan Respublikasının Əməkdar Artisti Sənubər İsgəndərlidən gedir. O, 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1980-ci illərin sonlarından bəri o, həm teatrın, həm də ekranın tanınmış simalarından biridir. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Bu illər arasında o, həm səhnənin, həm də həyatın məktəbini oxuyub. Bir qızı var Amma onun üçün ən böyük "övlad" səhnə olub – min qadının səsini, hissini, taleyini daşıdığı o səhnə. Uşaqlığının ən dərin izləri anasızlıqdan başlayıb. "Anamı itirəndə 13 yaşım tamam olmamışdı... Yeganə övladıydım. Özüm də çox ədalıydım. Anam nazımla oynayırdı. Anamdan sonra anladım ki, ana, ata, var-dövlət varsa, səndən yoxdur. Əgər bunlar yoxdursa, sənə başqa cür baxacaqlar." Bu cümlə təkcə bir xatirə deyil — onun bütün yaradıcılığının təməl fəlsəfəsidir. Səhnədəki qadınlar niyə bu qədər yanğılıdır? Niyə hər dialoqda bir ağrı gizlənir? Çünki o ağrının başlanğıcı bir qız uşağının içindəki itkidən gəlir. Amma o, ağrını gücə çevirdi. Tənha bir qızdan, səhnənin güclü qadınına dönmək — bu, sadəcə istedadla deyil, dəmir iradə ilə mümkündür. O, bir dəfə demişdi: "İnstitutda diplom xətrinə daxil olmuşdum, amma bitirəndə artıq iki filmdə, iki televiziya tamaşasında çəkilmişdim. Akademik Dram Teatrında işləyirdim. Yəni artıq mənim rollarım var idi. Ailə öz yerində, amma diplom lazımdır, karyera qurmaq lazımdır. Hər qadın öz ayaqları üstündə durmalıdır. Bunu həmişə düşünürdüm." Bu "öz ayaqları üstündə durmaq" düşüncəsi onun sənətinin və şəxsiyyətinin əsas dayağı oldu. Sənubər İsgəndərli 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil oldu. Bu illərdə teatrda yeni nəfəs, yeni ruh yaranırdı. O isə bu ruhun qadın siması idi. O, səhnədə Həlimə xanım ("Qətl günü"), Tamara ("Dadaşbala əməliyyatı"), Leyli ("Leyli və Məcnun"), Fərizə ("Şəhidlər"), Bahar, Tomris, Müğənni qız, Yelena, Aqrippina və daha neçə obrazla tamaşaçının yaddaşına həkk olundu. Onun qadınları məğlub deyildi — onlar sınırdı, amma sınmadıqlarını göstərmək üçün susurdu. 1997-ci ildən etibarən Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyətini davam etdirən aktrisa burada öz sənətinin ikinci nəfəsini tapdı. Siyan Şi, İcraçı, Burla Xatun, Nisə xanım, Ulduz, Aysel, Gertruda, Firəngiz, Nora, Klara, Falçı, Həcər, Sərvinaz bəyim – hər biri qadın təbiətinin bir tərəfini, bir yarasını, bir ümidini daşıyır. O, səhnədə nakam Fərizə idi, qonşusu Dadaşbala ilə sevgisini yaşayan Tamara idi, dillərə dastan Leyli idi, ailəsi ilə türməyə düşən Tomris idi, Teymurun sevimlisi Nisə idi, sevgisinə qovuşmayan Firəngiz idi. Hətta Falçılıq belə etdi, Burla Xatun oldu, Generalın məşuqəsi oldu, 21:15 qatarına bilet alıb yol gözlədi, milyonçu Klara olub adam ölümünə bais oldu, xaricdə həkimlik edib dəli sağaltmağa gəldi, Kəbirlinski kimi fərsiz aktyorla evləndi. Dəyişdi, çox dəyişdi… amma səhnədə dəyişdi. Həyatda isə eyni sima qaldı – səmimi, dürüst, sadə və öz sözünün arxasında dayanan qadın. Sənubər İsgəndərli yalnız teatr səhnəsində yox, ekran qarşısında da öz sözünü dedi. O, kamera üçün "oynamırdı", sadəcə yaşayırdı. Onun baxışı kadrın içində bir sükut yaradır, sükutun içində isə tamaşaçı ağlayırdı. "Kişi sözü"ndə Solmaz, "Fəryad"da İsmayılın arvadı, "Şahid qız"da Rəna, "Hökmdarın taleyi"ndə Tubu xatun, "Ata ocağı"nda Zəminə, "Qayınana"da Afət xanım – bu obrazlar təkcə rollar deyil, Azərbaycan qadınının min bir üzüdür. O, həm sərt qayınana, həm də qırılmış qadın ola bilir. Həm məğrur, həm kövrək, həm yanmış, həm bağışlayan. Ekranda onun səsi titrəyəndə, insanın içi titrəyir. Sənubər İsgəndərlinin sənəti dəfələrlə dövlət tərəfindən qiymətləndirilib. 2002-ci ildə o, "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb. 2012, 2019, 2020, 2021, 2023, 2024 və 2025-ci illərdə Prezident Mükafatı ilə təltif olunub. 2016-cı ildə "İlin işgüzar xanımı", "Qızıl Dərviş" və "Sənətkar" medalı kimi nüfuzlu mükafatlar da onun sənət ömrünə yazılıb. Amma o, heç vaxt bu təltifləri "qalxan" kimi qaldırmadı. O, hər dəfə eyni təmkinlə, eyni sadəliklə dedi: "Ən böyük mükafat tamaşaçının alqışıdır." 65 il – bir qadının səhnə salnaməsi Bu gün Sənubər İsgəndərli 65 yaşını qeyd edir. Amma o, illəri yaşlanmaqla deyil, rol oynamaqla ölçür. Hər rol bir il, hər tamaşa bir ömür kimi yadda qalır. O, səhnədə dəyişdi, obrazlar dəyişdi, zaman dəyişdi — amma o, dəyişmədi. Çünki onun siması bir simadır – sənətin və qadınlığın siması. Səhnədə ağlayan, həyatda gülən, rollarda ölən, amma həyatda yaşayan bir qadın… Bu, Sənubər İsgəndərlidir. Bu 65 il təkcə bir sənətkarın yubileyi deyil, həm də Azərbaycan teatrının yaddaşında silinməz imzadır. Onun adı səhnə tarixi ilə bərabər çəkilir, çünki o, bu səhnənin övladıdır – işıqdan, hissdən, sədaqətdən yoğrulmuş qadın. Bəzən səhnədə onun oyununa baxanda unudursan ki, qarşındakı aktrisadır. Elə bil o, səhnəni deyil, səhnə onu oynayır. O, tamaşaçı ilə bir ruh bağ qurur – baxışla, sükutla, tənəffüslə. Hər çıxışında sanki səhnə bir az daha istilənir. Bu yazı – təkcə bir sənətkarın yubileyinə ithaf deyil. Bu yazı – bir qadının həyatla, səhnə ilə, zamanla savaşının hekayəsidir. Və bu hekayənin adı Sənubər İsgəndərlidir. 65 yaşınız mübarək, Sənubər xanım. Səhnə sizi sevir. Tamaşaçı sizi sevir. Və ən əsası – sənət sizi heç vaxt unutmayacaq.
Seçilən
81
1
baki-xeber.com

10Mənbələr