AZ

Füzulidə şəhidlərin xatirəsi anılıb

Füzuli, 25 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidləri Elçin Nəsirov və Rəşad Kazımovun anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Bildirilib ki, Nəsirov Elçin Ramiz oğlu 1988-ci ildə Füzuli rayonu Əhmədalılar kəndində dünyaya göz açıb. Yeniyetmə çağlarından hərbçi kimi Vətən keşiyində dayanmaq arzusu olub. Həqiqi hərbi xidməti bitirdikdən bir müddət sonra müddətdən artıq hərbçi olaraq xidmətə başlayıb. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətə gedən döyüşlərində iştirak edib. Oktyabrın 25-də Füzuli rayonu Qorqan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edili ki, Kazımov Rəşad Nüsrət oğlu 1989-cu ildə Füzuli rayonun Bala Bəhmənli kəndində anadan olub. Həqiqi hərbi xidmətdən sonra isə könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.

Vətən müharibəsi zamanı, Füzuli, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 25-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik olub. Rəşad Kazımov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", " Vətən uğrunda" medalları ilə təltif edilib.

Hər iki şəhidin ruhuna dualar oxunub və onların göstərdiyi qəhrəmanlıqların heç vaxt unudulmayacağı vurğulanıb.

Seçilən
75
1
azertag.az

2Mənbələr