Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Belçika hökuməti Rusiya dövlətinə məxsus dondurulmuş aktivlərdən ildə təxminən 1,2 milyard avro gəlir əldə etməyi planlaşdırır. Bu vəsaitlərin ölkənin hərbi büdcəsinə yönəldilməsi nəzərdə tutulur.
Bizimyol.info xəbər verir ki, məlumatı Belçikanın aparıcı nəşrlərindən biri olan "Soir" qəzeti yayıb.
Qəzetin yazdığına görə, baş nazir Bart De Veverin Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirə edilməsi planını dəstəkləməməsinin əsas səbəblərindən biri, həmin vəsaitlərdən gələn gəlirlərdən Belçika dövlət büdcəsinin yararlanması istəyi ilə bağlıdır.
“Belçika üçün bu oyunda De Veverin maraqları təkcə siyasi deyil, həm də büdcə xarakterlidir. "Euroclear" vasitəsilə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən vergi tutulur və bu vergilər Belçika xəzinəsinə yönləndirilir”, – deyə "Soir" qeyd edir.
Qəzet bildirir ki, 2025–2029-cu illər üçün bu vəsaitlərin əsasən hərbi xərclərin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılıb. Hər il bu məqsədlə təxminən 1,2 milyard avro istifadə ediləcək. Məlumata görə, Belçikada fövqəladə və ya planlaşdırılmamış gəlirlərdən tutulan vergi 30 faizdən çoxdur.
23 oktyabrda keçirilən Avropa İttifaqı sammitində Bart De Vever Avropa Komissiyasının Rusiya aktivlərinin “reparasiya krediti” adı altında müsadirə edilməsinə dair planını dəstəkləməkdən imtina edib.
O, bütün Aİ ölkələrindən Belçikanın bu prosesdə üzləşə biləcəyi maliyyə risklərinin bərabər şəkildə bölüşdürülməsi barədə yazılı təminat tələb edib.
De Vever və onun partiyadaşları – o cümlədən müdafiə naziri Teo Franken – yaxın illərdə Belçikanın hərbi sahəsinə 34 milyard avro sərmayə qoyuluşu proqramı hazırlayıblar. Lakin bu vəsaitlərin mənbəyi hələlik tam müəyyənləşdirilməyib.
Rusiya Federasiyasının Belçikadakı səfiri Denis Gonçar daha əvvəl Rusiya mətbuatına verdiyi müsahibədə bildirib ki, Rusiya aktivlərinin hansı formada olursa-olsun müsadirəsi “oğurluq” kimi qiymətləndiriləcək.
Diplomat xəbərdarlıq edib ki, Moskva bu addımlara dərhal cavab tədbirləri görəcək və bu tədbirlər nəticəsində Qərb ölkələri ciddi maliyyə itkiləri ilə üzləşəcək.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.