22 oktyabr tarixində İrəvanda Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə baş tutan görüş iki ölkə arasında etimad quruculuğu istiqamətində atılmış mühüm addımlardan biri kimi tarixə düşdü. İlk dəfə olaraq belə bir formatda – vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüş rəsmi diplomatiyadan kənar, xalq səviyyəsində dialoqun başlanğıcı kimi dəyərləndirilir. Qarşılıqlı anlaşma və uzunmüddətli sülh üçün hələ uzun və çətin bir yol qarşıda olsa da, bu cür təşəbbüslər tərəflər arasında münasibətlərin normallaşmasına, regionda dayanıqlı sabitliyin bərqərar olmasına töhfə verə bilər. İki xalqın birgə gələcəyi naminə aparılan dialoqların nəticə verməsi üçün qarşılıqlı ehtiram və davamlı səylər vacibdir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib ki, qarşıda hər iki dövləti və xalqı heç də asan olmayan bir mərhələ gözləyir.

Deputat bildirib ki, bu mərhələdə iş, sadəcə, dövlət, eləcə də dövlət və hökumət institutları ilə məhdudlaşmır, cəmiyyət - hər kəs fərd olaraq ayıq, emosiyalardan kənar, soyuqqanlı yanaşma ortaya qoymalıdır: “Etimad quruculuğu prosesində vətəndaş cəmiyyəti arasında mütəmadi görüşlər keçirilməli, fikir mübadiləsi aparılmalıdır. Bu, bir növ cəmiyyəti sülhə hazırlamaq deməkdir. Ermənistan cəmiyyətinin qulağı, təəssüflər olsun ki, illər ərzində qeyri-sağlam ideologiya ilə doldurulub. Onlarda həm də məğlubedilməzlik sindromu yaşanırdı. Real danışmaq lazımdır ki, Azərbaycan Ermənistanı 44 gündən az bir müddətə də kapitulyasiyaya məcbur etməyin tam iqtidarında idi. Digər yandan bu reallıq da var ki, məhz 44 gün, ondan sonra keçirilən anti-terror əməliyyatları erməni cəmiyyətinin canına vəlvələ salıb. Qalib və zəif tərəfi düşündüyümüz zaman bu xof başadüşüləndir. Lakin başadüşülən ən önəmlisi bu olmalıdır ki, illər, əsrlər boyu Azərbaycan xalqı soyqırımlara məruz qalıb. Aydın təsəvvür və yanaşma hər kəsdə olmalıdır. Təbii ki, Ermənistan daxilində prosesə maneə olan qüvvələr var. Bu prosesin qarşısını almağa çalışan qüvvələr xalqların rifahında deyil, onları siyasi alət kimi istifadə etməkdə, şəxsi ambisiyalarını həyata keçirməkdə maraqlıdırlar. Burada vurğulamaq yerinə düşər ki, hər iki ölkədə indiki mərhələdə daxili və xarici siyasət, bəlkə də, heç zaman olmadığı qədər bir-biri ilə bağlıdır. Prosesləri geriyə doğru çəkmək meyilləri aydın görünür ki, hər iki ölkənin ali rəhbərliyinin üzərinə böyük yük düşür. Bu işdə Azərbaycan xalqı hər zaman olduğu kimi öz Liderinə şəksiz güvənir. Ermənistana gəldikdə isə, zənn edirəm ki, xalq müharibədə məğlub olsa belə, Nikol Paşinyanı seçdisə, bundan sonra da yekun qərarda eyni yanaşmanı görməyə doğru gedirik. Azərbaycan önə doğru bir addım da artdı. Ermənistana daşınan yük məhdudiyyətlərinin aradan qaldırılması ilə Qazaxıstan taxılının daşınması göstərdi ki, Azərbaycan xalqının xislətində humanizm meyilləri ön plandadır. Burada taxıl kimi ilkin ehtiyaclarla sınağa çəkmək yoxdur. Bu həm də rəmzi addımdır. Azərbaycanın dövlət başçısı nəyi, necə, nə vaxt etmək lazımdırsa, gözəl bilir. Dövlət başçımız atdığı addımlarla regionun hər bir xalqının, bugünkü və gələcək nəsillərin taleyinə müsbət təsir göstərir. Ermənistan cəmiyyətinə sosial-iqtisadi durumun yaxşılaşdırılması lazımdır. Düşünürəm ki, region xalqları artıq ayılıb. Düzgün xəttlə yanlış xətt dərk edilir. Sülh və təhükəsizlik ortaq amallara fokuslanmaqdan keçir. Bu məsələdə sağlam iradə ortaya qoyulmalıdır”.
Politoloq Yusif Bağırzadə isə deyib ki, erməni qəsbkarlarının 30 ildən çox müddət ərzində torpaqlarımızı tapdaq altında saxlamalarına, məscidlərimizi təhqir etmələrinə, qətliam törətmələrinə baxmayaraq, Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan öz sülh əlini Ermənistana uzatdı:

“Sülh müqaviləsi istiqamətində iki dövlət arasında ayrı-ayrı platformalarda kifayət qədər intensiv danışıqlar getdi. Sonradan isə heç bir üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparıldı. İşlər yetərincə uğurlu getdi. Cənab Prezidentin Qazaxıstan səfərində Ermənistana məxsus tranzit yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilməsi barədə bəyanatı o deməkdir ki, biz faktiki olaraq Ermənistanı blokdan çıxarırıq. Digər tərəfdən vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana səfəri və səfər çərçivəsində keçirilən görüşlər iki dövlət arasında münasibətlərin yeni formatını müəyyənləşdirir. Hələ müharibə şəraitində, yəni torpaqlarımız erməni qəsbkarlarının tapdağı altında olanda - 2016-cı ildə belə bir format yarandı ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri görüşsünlər. 2017-ci ildə Tiflisdə baş tutan görüşdə həm Azərbaycan, həm də Ermənistan nümayəndələri iştirak etdilər. Torpaqlarımız azad olunandan sonra isə 2021-ci ildə növbəti görüş keçirildi. Bundan sonra fasilələr oldu. Bir sözlə, cənab Prezident İlham Əliyevin Qazaxıstandan verdiyi bəyanat və vətəndaş cəmiyyətlərinin İrəvan görüşü iki xalq, iki dövlət arasında olan etimad körpüsünün Azərbaycan tərəfindən təqdim edilməsidir. Sanki Ermənistana limit verilir. Artıq Ermənistanın vətəndaş cəmiyyəti, eləcə də dövləti
öz vətəndaşlarını gələcəkdə imzalanacaq sülh müqaviləsinə, Zəngəzur dəhlizinin, hazırda "Tramp yolu"nun açılışına, Konstitusiyadakı dəyişikliklərə, ümumilikdə, sülhə hazırlamalıdır. Rusiyanın təsiri altında olan qüvvələrə gəlincə, "Qarabağ klanı", erməni diasporu, kilsə... Müsbət haldır ki, Ermənistan hakimiyyəti bununla əlaqədar kifayət qədər uğurlu siyasət yeridir. Artıq bir neçə diaspor üzvü, kilsə nümayəndəsi həbs olunub. Nikol Paşinyan cəmiyyətin reaksiyasını yoxlamaq istəyirdi. Gördü ki, reaksiya müsbətdir. Bundan sonra Gümrü merinin və digər bölgələrin nümayəndələrinin həbsi Ermənistanın Rusiyadakı "beşinci kolonu"na zərbə idi. Gələcəkdə - 2026-cı ilin aprelində Ermənistanda keçiriləcək seçkilərə maneə olmaq istəyən qüvvələri Ermənistan hakimiyyəti aradan götürür, kənarlaşdırır, neytrallaşdırır. Düzgün addımdır və bu proses davamlı olacaq. Azərbaycanın bu addımı Ermənistan hakimiyyətinə bir dəstək, köməkdir. İnanıram ki, "Qarabağ klanı"nın Ermənistanda hakimiyyətdə olmuş mənfur dövlət başçıları Sarkisyan və Köçəryanın taleyi hakim partiya tərəfindən seçkiyə qədər həll olunacaq. Ola bilsin, barələrində həbs qətimkan tədbiri seçildi. Əks halda, seçkidən sonra Sarkisyan və Köçəryanın Ermənistan hakimiyyəti tərəfindən Azərbaycana təhvil verilməsi prosesi olacaq".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
