ABL-nın IV turu çərçivəsində "Abşeron Lions" "Neftçi"ni 100:95 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, "Abşeron Lions"ın baş məşqçisi Erhan Toker qələbəni belə şərh edib:

"Liqadakı ardıcıl 4-cü qələbəmizi qazandıq. Mövqeyimizi qoruduq. Bu baxımından sevincliyik. Hər iki komanda bu oyuna bacardığı qədər konsentrasiya olmağa çalışmışdı. Təbii ki, fikirlər 3-cü gün oynayacaq Fiba Avropa kubokundakı duelimizdədir. Bu baxımdan hər iki tərəf əldəki kartlarını tam açmadı. "Neftçi"nin heyətində 2 oyunçu yox idi. Biri biləyini əzmişdi. Digərinin niyə oynamadığını bilmədim. Bəlkə də istirahət etdirirdi. Mən elə bir şey etmədim. Ritmləri pozulmasın deyə bütün heyəti oynatdım. Avrokubok oyunumuzun daha sərt keçəcəyini düşünürəm. Yaxşı müdafiə olunmaq lazım gələcək. Bu gün "Neftçi" ilə matçda hər zamankı kimi xal qazanmaq problemi yaşamadıq. Əsas olan, müdafiədə yaxşı oynamadıq. Bunu nəzərə alaraq "Neftçi" ilə 4 gün sonrakı oyunda müdafiəni yaxşı vəziyyətə gətirməyə çalışacağıq. O zaman  şansımız daha yüksək olacaq".