AZ

Hər bir azərbaycanlının prezidenti: Azərbaycanın səsi Voronejdən eşidildi

Rusiyada həbsdə olan tanınmış azərbaycanlı iş adamı, Voronej şəhərindəki “Alekseyevski” bazarının sahibi Yusif Xəlilovun azadlığa buraxılması təsadüfi hadisə deyil. Bu, Azərbaycan diplomatiyasının - şəxsən Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasətinin növbəti nəticəsidir.

Xəlilovun həbsi bu ilin avqustunda baş vermiş, Rusiya hüquq-mühafizə orqanları onu guya rüşvət verməkdə ittiham etmişdi. Lakin hadisə sıradan bir cinayət işi kimi deyil, çoxsaylı ekspertlərin qeyd etdiyi kimi, Moskva-Bakı münasibətlərindəki gərgin fonun bir parçası kimi qiymətləndirilirdi.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri Qroznı yaxınlığında Azərbaycan mülki təyyarəsini səhvən vurmuşdu. Bu faciə hər iki ölkə arasında emosional soyuqluğa səbəb olmuş, Rusiya ictimaiyyətində və bəzi dairələrdə Azərbaycana qarşı qərəzli münasibət hiss olunmağa başlamışdı. Sonrakı aylarda rus mediasında və bəzi regional strukturlarda azərbaycanlı diaspor nümayəndələrinə qarşı təzyiqlər müşahidə edildi.

Belə bir şəraitdə Voronej azərbaycanlılarının nüfuzlu rəhbəri Yusif Xəlilovun həbsi açıq şəkildə siyasi təzyiq rəmzinə çevrildi. Onun həm yerli hakimiyyətlə münasibətləri, həm də sosial nüfuzu nəzərə alınsa, belə bir həbsi “adi hüquqi prosedur” kimi təqdim etmək qeyri-ciddi olardı.

Amma vəziyyət son həftələrdə əsaslı şəkildə dəyişib. 9 oktyabrda Tacikistan paytaxtı Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş bu dəyişimin başlanğıc nöqtəsi oldu. Rəsmi bəyanatlarda diaspor məsələsi açıq şəkildə qeyd olunmasa da, indi baş verənlər həmin görüşdə razılaşdırılan məqamların praktik nəticəsi kimi görünür.

Yusif Xəlilovun azadlığa buraxılması İlham Əliyevin şəxsi diplomatik xəttinin, səbir və ardıcıllığının bariz nümunəsidir. Bu, həm də Azərbaycan diplomatiyasının “emosional böhran”dan çıxış strategiyasının işlədiyini göstərir.

Əldə edilən məlumata görə, Düşənbə görüşündə Vladimir Putin vurulmuş təyyarə məsələsinə görə üzr istəyib, hadisənin araşdırılacağını və zərərçəkən tərəfə kompensasiya veriləcəyini bəyan edib. Bu, diplomatik etimadın bərpası baxımından mühüm jest idi. İndi isə Xəlilovun işi ilə bağlı atılan addım həmin etimadın praktik təsdiqidir.

Beləliklə, İlham Əliyevin diplomatiyası təkcə dövlətlərarası münasibətlərin bərpasına deyil, həm də ölkə vətəndaşlarının hüquqlarının qorunmasına yönəlir. Bu, Prezidentin siyasətinin əsas mahiyyətini təşkil edən “harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya qayğı” prinsipinin növbəti təzahürüdür.

Yusif Xəlilovun oğlu Simur Xəlilov APA-ya açıqlamasında deyib ki, ailələri bu çətin günlərdə Azərbaycan dövlətinin qayğısını daim hiss edib. Bu ifadə, əslində, İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin fəlsəfəsini tam əks etdirir - dövlət yalnız Bakıda yaşayan vətəndaş üçün deyil, dünyanın istənilən yerində yaşayan azərbaycanlı üçün var.

Prezident Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti hər bir soydaşının arxasındadır. Son illərdə müxtəlif ölkələrdə – istər Avropada, istər Rusiyada, istərsə də Yaxın Şərqdə - azərbaycanlılara qarşı haqsızlıq hallarında Bakı diplomatik kanallar vasitəsilə dərhal reaksiya verib. Xəlilov işi bu ardıcıl siyasətin davamıdır.

Rusiya ilə Azərbaycan arasında son aylarda müşahidə edilən gərginliyin aradan qaldırılması təkcə iki ölkənin siyasi dialoqu üçün deyil, bütövlükdə regionun sabitliyi üçün vacibdir. Moskva ilə Bakı arasında yaranmış “emosional soyuqluğun” diplomatik yolla aradan qaldırılması İlham Əliyevin danışıqlar bacarığının, soyuqqanlılığının və milli maraqları qorumaq prinsipinə sadiqliyinin göstəricisidir.

Hazırkı mərhələdə münasibətlər yeni fazaya qədəm qoyur. Rusiya tərəfinin həm diaspor məsələsində, həm də təyyarə insidentinə görə konstruktiv mövqe sərgiləməsi Azərbaycanın diplomatik qələbəsidir.

Diplomatiya bəzən səhnə arxasında oynanılan incə bir oyundur. Lakin İlham Əliyevin diplomatiyası nəticə üzərində qurulub. Bu nəticə bu dəfə konkret insanda – Yusif Xəlilovun azadlığa çıxmasında özünü göstərir.

Azərbaycan Prezidenti bir daha sübut etdi ki, o, yalnız dövlətin başçısı deyil, həm də dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının prezidentidir. Dövlətin qayğısı sərhədlər tanımır - İlham Əliyevin rəhbərliyi ilə aparılan diplomatiya bu həqiqəti bir daha təsdiqlədi.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
112
50
musavat.com

10Mənbələr