AZ

“Zəfər rəqsi” filminin qala-premyerası keçirilib – FOTOLENT

Oktyabrın 24-də Nizami Kino Mərkəzində Vətən müharibəsində qələbəmizin 5 illiyi münasibətilə “Zəfər Rəqsi” qısametrajlı bədii filmin qala premyerası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü, “Balakhani Operating Company” hasilat şirkətinin dəstəyi ilə ASAN TV tərəfindən istehsal edilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Filmin nümayişindən əvvəl çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin rəhbəri Rövşən Rzayev ölkəmizdə güclü iqtisadiyyatın qurulması və ordu quruculuğunun inkişafının milli dirçəlişin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

“Bu gün Azərbaycan yalnız regionda deyil, dünyada öz şərtlərini qəbul etdirən qüdrətli dövlətə çevrilib. Balaxanı neftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlanğıc nöqtəsidir. Kino tariximizə nəzər salsaq, rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş “Balaxanıda neft fontanı” adlı qısametrajlı sənədli film Azərbaycan kinosu tarixində lentə alınmış ilk filmlərdən biri hesab olunur. Bu gün Balaxanı neftçilərinin bu layihədə yaxından iştirak etməsi, onların bu zəngin mədəni irsi qoruyub gələcək nəsillərə ötürmək istəyindən irəli gəlir.”,- deyə R.Rzayev əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, ASAN xidmət tərəfindən Vətən müharibəsində qazanılmış Zəfərin yaddaşlarda qalması üçün müxtəlif layihələr həyata keçirilib. Bu layihə də həmin təşəbbüslərdən biridir.

Onun sözlərinə görə, “Qarabağı heç vaxt unutmayan, əksinə, onu daha çox istəyən və tələb edən yeni nəslin formalaşması üçün dövlət siyasəti mühüm rol oynayıb.”

Ülvi Mehdiyev qeyd edib ki, son 20 ildə Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən gənclər və mədəniyyət siyasəti nəticəsində gənclər Qarabağı nəinki unutmadılar, əksinə, əvvəlki nəsillərdən daha çox tələb etdilər və nəticədə uğur qazandılar.

O əlavə edib ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu mədəniyyətin və ədəbiyyatın təbliği, eləcə də onların yaşadılması istiqamətində mühüm layihələr həyata keçirir.

Daha sonra ekran əsəri nümayiş olunub.

Qeyd edək ki,⁠ ⁠qala premyeradan sonra film 8 noyabr, Zəfər Günündə İctimai TV-də ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, film Mir Cəlal adına Hekayə Müsabiqəsinin mükafatçı əsəri, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Bədii film Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatından bəhs edir. Çəkiliş prosesində YAŞAT Fondu ekspert dəstəyi ilə çıxış edib.

 

Seçilən
26
2
nocomment.az

3Mənbələr