AZ

Ağaoğlu məhkəməyə niyə verilmişdi? – Qalmaqallı məqalə

BAKI, 26 oktyabr. TELEQRAF

31 may 1933-cü il. Türkiyə.

“Akın” qəzetinin ilk səhifəsində baş mühərrir Əhməd bəy Ağaoğlunun “Vəzifə” adlı məqaləsi dərc edilir. Yazı telefonda bir dialoqla başlayır və dövlət idarələrindəki bürokratik əngəllər sərt şəkildə tənqid olunur. Məmurların vaxtlı-vaxtında iş başında olmamalarını qınayan Ağaoğlu yazır: “Qərb ilə Şərq arasındakı ən açıq fərqlərdən biri də vəzifə hissinin inkişaf dərəcəsidir. Qərb camaatları fərdlərində bu hissi oyandırmağa və canlandırmağa müvəffəq olublar... Şərqdə isə bu hiss çox ibtidai bir haldadır, vəzifə anlayışı hələ də qiymət və əhəmiyyətli deyil”.

Ağaoğlu daha sonra alman, slavyan xalqlarının işə olan münasibətini göstərib, türk xalqının almanlar kimi işləmək bacarığına sahib olduğu təqdirdə məhsuldarlığının altı qat artacağını bildirib. Əhməd bəy vəzifədə məsuliyyət hissini artırmaq üçün fərdin öz işinə ikiəlli sarılması üçün təlqinin gərəkli olduğunu vurğulayıb, buna nümunə olaraq türk ordusundakı intizamı göstərib. O, hərbi müəssisələrin digərlərinə nisbətən daha müntəzəm, daha məhsuldar çalışdığını ifadə edib.

Məqaləsinin ümumi ruhu tənqidi mahiyyətdə olan Ağaoğlu bununla da dövlət idarəçiliyinin mənfi tərəflərini göstərib, eləcə də öz təkliflərini verib. Qəribədir ki, bu məqalə birmənalı qarşılanmayıb və Əhməd bəy məhkəməyə verilib.

Ağaoğlu hakimin hüzurunda

Mövcud Mətbuat Qanununun maddələrini pozduğu iddiası ilə “Akın” və məqalədən iqtibas edən “Son posta” qəzetindən məhkəməyə şikayət olunub. 14 iyun 1933-cü ildə İstanbul ikinci cəza məhkəməsi günortadan sonra qəzetlərin mühakiməsinə başlayıb. “Akın”ın sahibi və nəşriyyat müdiri Yusif Ziya bəy, “Son posta”nın sahibi Əli Əkrəm bəy və nəşriyyat müdiri Xəlil Lütfi bəy məhkəməyə gəliblər. Əhməd bəy isə həmin gün darülfünunda (İstanbul Universitetində) imtahanı olacağına görə gələ bilməyəcəyinə dair ərizə verib, mümkünsə məhkəmənin 22 iyundan sonra keçirilməsini rica edib. Bunu sübut etmək üçün universitetdən verilmiş imtahan müddətini göstərən sənədi də əlavə edib. Məhkəməni açıq elan edən sədr Həmid bəy ittihamnaməni oxuyub. Bildirilib ki, Ağaoğlu yazısında Mətbuat Qanununun 30-cu maddəsini pozub, dövlət məmurlarının hamısı haqqında pis şübhələrin yaranmasına səbəb olub. Sədr ittihamları cavablandırması üçün öncə sözü Yusif Ziya bəyə verib. O isə cavabında bildirib: “Bu yazı ümumi mahiyyətilə ruhi bir təhlildir. Qanunun maddəsində nəzərdə tutulduğu kimi deyil. Mən yazını bu qənaətə gələrək qəzetimdə verdim”. Əli Əkrəm bəy isə deyib: “Mən də yazıda hüquq pozuntusu görmədim, ona görə də üç-beş sətrini “istərsən inan, istərsən inanma!” başlıqlı sütunumuzda verdim. Yazıda şəxs, hədəf göstərilməyib”.

Həmid bəy yazı müəllifi iştirak edə bilmədiyinə görə məhkəmənin 24 iyunda olacağını bildirib.

24 iyunda baş tutan məhkəməyə Ağaoğlu gələ bilib. İttihamçı tərəf məqalənin dövlət məmurlarına olan etimadı sarsıtdığını deyib, Mətbuat Qanununun pozulduğunu iddia edib. Həmid bəy ittihamı cavablandırması üçün Əhməd bəyə söz verib: “İttihamı eşitdiniz, buna qarşı nə deyəcəksiniz, Əhməd bəy?”

Ağaoğlu ayağa qalxaraq bildirib: “Mən ittihamçı tərəfin bu təfsir və tələqqisinə heyrət etdim. Həmin məqalə sadəcə ictimai bir nöqsanın təhlil və təsbitindən ibarətdir”.

Sədr: “Məmurlar haqqında sui-zənn (bədgümanlıq) oyandırdığını deyirlər. Oyandırmırmı?

Ağaoğlu: “Məqalə mahiyyəti etibarilə bütün Şərqdə, eləcə də bizdə vəzifə hissinin Avropadakı kimi inkişaf etmədiyini göstərir. Müşahidəyə əsaslanan bu qənaətimi hüzurunuzda da təkrar edirəm. Yazdıqlarımda məmurların mənəvi şəxsiyyətləri hədəf göstərilməyib. Məqsədim millətin fərdlərini intibaha dəvət etməkdir. Əgər vəzifə hissi bizdə də, məsələn, almanlarda olduğu kimi inkişaf edərsə, əməyimizin məhsulu indikindən altı dəfə çoxalacaqdır. Məqaləm tənqidi mahiyyətdədir”.

Ardınca məhkəmədə məqalə tam şəkildə oxunulub. Sədr məqalənin girişindəki “Alo, alo” ilə başlayan dialoqu nəzərdə tutaraq həyatda bu halın yaşanıb-yaşanmadığını soruşub. Qeyd edək ki, bu dialoqda bir dövlət idarəsinə zəng edən vətəndaşın məmurların yerində olmadığını görməsi ifadə edilib. Ağaoğlu bu ittihamı belə cavablandırıb: “Mən belə hadisələr olduğunu gördüm. Ancaq məmurları ümumilikdən çıxararaq xüsusi bir sifətlə ittiham etməmişəm. Bu və ya digər dairə, müəssisə deyə ayırmamışam. Ümumilikdə bütün Şərqdə vəzifə hissinin tədqiq və təhlili, bunu tələqqi etmənin tənqidini vermişəm. Bu qədər!”

Daha sonra ittihamçı tərəfə söz verilib, onlar eynilə tələbnamədə yazılanlar əsasında cəza istəyiblər. Ardınca söz vəkillərə verilib. “Akın” qəzetinin vəkili Sıddıq Sami bəy bir məqalənin ancaq bir qisminin götürülərək, müxtəlif qismlərinin bir-birinə bağlı olduğunu düşünməyərək bir məna çıxarılmasının doğru olmadığını bildirib, Təşkilati-əsasiyyə Qanununun 73-cü maddəsindəki təfəkkür sərbəstliyinin (fikir azadlığının) əsasını açıqlayıb. Vəkil Mətbuat Qanununun 30-cu maddəsinin elmi mülahizə və tənqidə aid olmadığını, ictimai bir mərəzin qarşısının alınması məqsədilə atılan addımın suç təşkil etmədiyini irəli sürüb.

“Son posta” qəzetinin vəkili Fərid bəy də eyni mahiyyətli fikri söyləyib. İttihamçı tərəfin əlavəsi olmadığına görə Ağaoğlu söz istəyib və hüquqi mahiyyətli çıxış edib:

“Təşkilati-əsasiyyə qanununun 32-ci maddəsində vətəndaşların haqları təsbit edilib. Orada sərbəst təfəkkürdən, bunların icra vasitəsi olan kəlam və qələmlə yoxlamaq haqqından da bəhs edilib. Vətəndaşa bu haqq və səlahiyyət verilib. Düzdür, bu azadlıqlar da mütləq deyil, onları nizamlayan qanunlar da mövcuddur. Amma bu nizamlayıcı qanunlar əsas qanuna zidd olaraq təfsir edilə bilməz. Məsələn, mən “türk kasıbdır, məmləkətdəki sərvət mənbələrindən daha çox istifadə yollarını axtarmalıdır, türkü zənginləşdirməlidir” desəm, bundan türk millətini təhqir, türklüyü təhqir mənası çıxarmı? İttihamçı buna görə də məni məhkəməyə verərmi? Məncə, bunda suç mahiyyəti olmadığı kimi “Vəzifə” adlı məqaləmdə yazdıqlarımda da suç mahiyyəti yoxdur. Orada yazılanlar belə bir mühakiməyə mövzu olmamalı idi. Mən bir haləti-ruhiyyədən bəhs etdim. Əsas budur, ifadə şəkli tənqiddir, təcavüz deyildir”.

Ardınca Həmid bəy mühakimənin bitdiyini elan edib. Bundan sonra məhkəmə heyətinin müzakirəsi başlayıb, Həmid, Heydər, Nağı və Hikmət bəy məqalənin sadəcə ictimai bir təhlil və tənqid mahiyyətində olduğuna ümumi rəylə qərar verib, müttəhimləri sərbəst elan ediblər. Ağaoğlu da öz növbəsində heyətə təşəkkür edib.
Beləliklə, gözləri ingilis əsarətini də görmüş Ağaoğlu bir məqaləsinə görə mühakimə edilsə də, məhkəmə yazılanları fikir azadlığı konteksində dəyərləndirib. Şübhəsiz ki, burada özü də hüquqşünas olan və Türkiyə konstitusiyasının yazılmasında iştirak edən biri kimi Ağaoğlunun zəngin biliyi və təcrübəsi də rol oynayıb.

Seçilən
66
teleqraf.com

1Mənbələr